2015-ci ilin devalvasiyaları fonunda dolların məzənnəsi 0,7844 manatdan 1,5594 manata yüksəldi, 2016-cı ildə rəsmi qiymət 1,7707 manata çatdı. 2017-ci ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur.
Dövlət Neft Fondu Mərkəzi Bankın 2020-ci ilin yanvar-avqust aylarında keçirdiyi valyuta hərraclarında 5 milyard 3,7 milyon dollar məbləğində vəsait satıb.
2016-cı ildə Dövlət Neft Fondunun analoji xərci 4,9 milyard dollar, 2017-ci ildə 3,6 milyard dollar, 2018-ci ildə 6,5 milyard dollar, 2019-cu ildə 6,6 milyard dollar göstərilib.
2021-ci ilin dövlət büdcəsinin ilkin göstəricilərini təqdim edən Maliyyə Nazirliyi bildirir ki, manatın dollara qarşı məzənnəsi 1,7 manat götürülüb.
Novator.az-ın məlumatına görə, Maliyyə Nazirliyinin açıqlamasını şərh edən iqtisadçı Natiq Cəfərli yazır ki, Azərbaycan hökuməti və Mərkəzi Bank məzənnəni siyasi sabitlik amilinə çevirib: “Yəni məzənnə iqtisadi faktor olmaqdan çıxıb. Bu rejim Dövlət Neft Fonduna əlavə yük olmaqla bərabər həm də xarici ticarətdə əlimizi zəiflədir. Qonşu ölkələr, əsasən də Türkiyə və Rusiya qeyri-neft sektorunda bizim əsas ticarət tərəfdaşımızdır. Bu ölkələrdə milli valyutalar – rubl və lirə dəyərdən düşüb. İlin əvvəlindən lirə 26 faiz, rubl 20 faizə yaxın ucuzlaşıb. Manatın yerində sayması həmin ölkələrdən idxalı stimullaşdırır, yəni Azərbaycana mal gətirilməsi daha sərfəli olur, yerli istehsal bundan ziyan görür.
Manatın məzənnəsinin sabit saxlanması həmişə uğur kimi təqdim olunur. Resurslar var və Neft Fondunun hesabına manatın məzənnəsini sabit saxlamaq mümkündür. Amma bu sərfəlidirmi?
Doğrudur, devalvasiya zamanı inflyasiya arta, idxal mallarının qiyməti qalxa bilər. Lakin bunlar bir-birini bəsləyən məsələlərdir. Azərbaycan sanki dalana dirənib: məzənnəni sabit saxladıqca yerli istehsal azalacaq və stimullaşmayacaq, məzənnə qalxdıqca da yerli bazarda qiymətlər yüksələcək, inflyasiya olacaq.
Günün birində Azərbaycan devalvasiya seçimi etmək məcburiyyətində qalacaq. Ola bilər ki, indiki vəziyyət, yəni pandemiya, karantin şəraitində manatın məzənnəsini inzibati qaydada saxlamaq labüddür. 2020-ci ilin sonunadək bu siyasəti davam etdirmək olar. Amma Azərbaycan hökuməti və Mərkəzi Bank gələn ilin büdcəsini formalaşdıranda seçim etməlidir. Ya biz doğrudan da liberal bazar iqtisadiyyatına keçəcəyik, manatın məzənnəsini iqtisadi kateqoriya kimi görəcəyik, bunu sabitlik simvolu, fəxr mənbəyi kimi təqdim etməyəcəyik, bu, yerli istehsalın stimullaşdırılmasına kömək olacaq, ya da bu gediş yerli istehsalı sıradan çıxaracaq.
Biz heç bilmirik ki, hazırda manatın real məzənnəsi neçədir. Mərkəzi Bankı bunu 1,7 manat civarında inzibati qaydada tənzimləyir. 3 ildir də belədir. Belə bir şey mümkündürmü? Mümkün deyil. Bazar iqtisadiyyatında bu məzənnə ya bir az azalmalı, ya da artmalıdır. Belə sabit saxlanması manatın məzənnəsinin iqtisadi kateqoriyadan çıxdığını göstərir ki, bu heç də liberal bazar dəyərləri ilə uyğunlaşmır.
Məntiq onu deməyə əsas verir ki, bu ilin sonunadək inzibati rejimdə manatın məzənnəsini sabit saxlamaq mümkündür. Amma gələn ilin büdcəsinin yeni məzənnə ilə hesablanması daha məntiqli olar ki, bu həm ixracatı, həm turizmi, həm də yerli istehsalı stimullaşdırsın”.