Sentyabrın 2-də fərman imzalayan prezident İlham Əliyev Nazirlər Kabinetinin iş qaydasını və Nazirlər Kabinetinin Aparatı haqqında əsasnaməni yeniləyib.
Novator.az bildirir ki, yeniliyə görə, Nazirlər Kabinetinin iclasına baş nazirin sədrlik etməsi qətiləşir. Yalnız prezidentin iştirakı ilə keçirilən iclas istisnadır.
Yenilənmiş qaydaya əsasən, prezidentin Nazirlər Kabinetinə, yerli icra hakimiyyəti orqanlarına, habelə prezidentin və Nazirlər Kabinetinin yaratdığı publik hüquqi şəxslərə, qeyri-kommersiya hüquqi şəxslərinə və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə verdiyi tapşırığın icrasının nəticələri barədə müvafiq hesabatı prezidentə icraçı təqdim etməlidir.
Nazirlər Kabineti Azərbaycan qanunlarının, prezidentin və Nazirlər Kabinetinin aktlarının, prezidentin, baş nazirin və onun müavinlərinin tapşırıqlarının Nazirlər Kabinetinin tərkibinə daxil olan mərkəzi icra hakimiyyəti orqanlarında, habelə yerli icra hakimiyyəti orqanlarında və dövlətin hüquqi şəxslərində icrasına nəzarəti həyata keçirir. İcraya nəzarət Nazirlər Kabinetinin Aparatının səlahiyyətindədir.
Başqa bir yeniliyə görə, prezidentin sədrlik etdiyi hallar istisna olmaqla Nazirlər Kabinetinin iclasına gündəlikdəki məsələyə aidiyyəti olan kabinet üzvləri qatılır.
Prezidentin tapşırığı və ya baş nazirin təşəbbüsü ilə Nazirlər Kabinetinin iclasında əlavə (gündəlikdən kənar) məsələlərə də baxıla bilər.
İş qaydasına əsasən Nazirlər Kabineti Azərbaycan Konstitusiyasında və prezidentin aktlarında Nazirlər Kabinetinin səlahiyyətlərinə aid edilmiş məsələlərin həlli, habelə prezidentin Nazirlər Kabinetinə verdiyi tapşırıqların icrasının təşkili, həmçinin Nazirlər Kabinetinin aktlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Azərbaycan qanunlarına və prezidentin aktlarına uyğunlaşdırılması məqsədilə aktlar qəbul edir, həmçinin baş nazir və onun müavinləri Nazirlər Kabinetinin digər üzvlərinə, Nazirlər Kabineti Aparatının rəhbərinə, Nazirlər Kabineti Aparatının struktur bölmələrinin rəhbərlərinə, yerli icra hakimiyyəti orqanlarının və dövlətin hüquqi şəxslərinin rəhbərlərinə tapşırıqlar verirlər.
Digər əsas yenilik Nazirlər Kabineti Aparatının rəhbərinin müavinlərinin sayının ikiyə qaldırılmasıdır.