Sentyabrın 2-si Bakının Nizami Rayon Məhkəməsində keçirilən prosesdə son sözlə çıxış edən məhbus siyasətçi Tofiq Yaqublu aclıq aksiyasına başladığını deyib.
Novator.az-ın məlumatına görə, iclasda Tofiq Yaqubluya sentyabrın 3-də hökm oxunacağı bəyan olunub.
Sentyabrın 1-də dövlət ittihamçısı Tofiq Yaqubluya 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.
Siyasətçi bu il martın 22-də tutulub. O, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıqda təqsirli bilinir. İttihama əsasən, Tofiq Yaqublu həmin gün idarə etdiyi avtomobillə Bakının Nizami rayonunda qaydaları pozub, Elxan Cəbrayılovun idarə etdiyi avtomobillə toqquşub.
Tofiq Yaqublunun mübahisə zəminində Elxan Cəbrayılovu yumruqla və vintaçan alətlə zərbələr vurub xəsarətlər yetirdiyi, onun avtomobildə olan yoldaşı Cəvahir Cəbrayılovanı əli ilə itələyib xəsarət yetirdiyi bəyan olunub.
Məhbus siyasətçi ittihamı qəbul etmir, bildirir ki, Elxan Cəbrayılovun maşını əvvəldən həmin ərazidə dayanıb gözləyib, işarədən sonra qəfildən onun dayanmış avtomobilinə tərəf hərəkət edərək qəza törədib.
İbtidai istintaqı Nizami Rayon Polis İdarəsi aparıb.
Sentyabrın 2-si məhkəmədəki son sözündə Tofiq Yaqublu həbsinin əsassız olduğunu, cinayət işinin siyasi sifarişlə düzülüb-qoşulduğunu vurğulayıb, ibtidai istintaqın qərəzli aparıldığını qeyd edib, saxtakarlığa görə Nizami Rayon Polis İdarəsinin müstəntiqi Ramil Əliyevi cinayət məsuliyyətinə cəlb etməyə çağırıb.
Hakim Nəriman Mehdiyev bir neçə dəfə Tofiq Yaqublunun sözünü kəsib, mahiyyət üzrə danışmaq tələbi qoyub. Siyasətçi cavabında məhkəmənin də işə ibtidai istintaq kimi qərəzli yanaşdığını deyib və qeyd edib ki, hökmün sifarişlə çıxarılacağı əzəldən bəllidir: “Hökm çoxdan hazırdır, sizə icraçı kimi onu oxumaq qalır”.
Bakının Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında saxlanan Tofiq Yaqublu sentyabrın 2-si səhərdən heç nə yemədiyini, yalnız çay içdiyini bildirib, qanunsuz həbsinə etiraz əlaməti olaraq aclıq aksiyasına başladığını deyib, aksiyanı qələbə çalana kimi davam etdirəcəyini vurğulayıb.
1961-ci il təvəllüdlü Tofiq Yaqublu Moskva Kooperasiya Universitetini bitirib. Milli azadlıq hərəkatının fəalı, Qarabağ müharibəsi veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. 2010-2018-ci illərdə partiya başqanının müavini postunu tutub.
Tofiq Yaqublu 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutularaq 5 il azadlıqdan məhrumetmə cəzası alıb, 2016-cı il martın 17-də əfv sərəncamı əsasında azadlığa çıxıb.
Tofiq Yaqublunun qızı, müsavatçı Nigar Həzi 2012-2013-cü illərdə həbsdə olub. Nigar jurnalist, AXCP sədrinin müavini Seymur Həzinin həyat yoldaşıdır. Onlar 2016-cı ilin avqustunda, Seymur həbsdə olarkən ailə qurublar. Seymur Həzi 2014-cü il avqustun 29-da tutulub, 5 il müddətinə azadlıqdan məhrum edilib, 2019-cu il avqustun 29-da həbs cəzasını başa vuraraq azadlığa buraxılıb.
Tofiq Yaqublunun digər qızı Nərgiz Yaqublu da müsavatçı olub. O, 2015-ci ilin aprel ayında, atası həbsdə olan vaxt vəfat edib.
Məhbus siyasətçinin oğlu Rəhim Yaqublu hərbi xidmətdədir.
Tofiq Yaqublu yenə həbsə gedir
Tofiq Yaqublunun məhkəməsi qapalı keçiriləcək
Ev dustaqlığına da yox deyildi
Tofiq Yaqublu nədən narazıdır?
Məhkəmənin Tofiq qərarı dəyişməz qaldı
Həbsin uzadılması: şikayət təmin olunmadı
Tofiq Yaqublu məhkəməni səbirsizliklə gözləyir
Tofiqin mühakiməsi “yox”larla başladı
Tofiq Yaqublu: “Mən əsir götürülmüş şəxsəm”
“Yalan danışıb qapını bağlayırsan, sonra da deyirsən…”
Tofiqin əsgər oğlunun problemi var