Avqustun 13-dən həbsdə olan sabiq səfir Eldar Həsənovun səhhəti yaxşı deyil və istənilən an kritik durum yarana bilər. Novator.az-ın məlumatına görə, bunu Eldar Həsənovun vəkili Adil İsmayılov bəyan edib.
Sentyabrın 1-i “Facebook” şəbəkəsində yaydığı açıqlamasında Adil İsmayılov bildirib ki, Eldar Həsənov son illər ərzində, xüsusən son iki ildə bir sıra ağır xəstəliklərdən əziyyət çəkib və daim həkim nəzarətində olub: “Təcrid olunmuş vəziyyətdə saxlanması onun səhhətinə çox ciddi mənfi təsir edir. Gündəlik çox sayda, müxtəlif adlarda dərman preparatları qəbul edir. Şəxsi həyata hörmət və fərdi məlumatların mühafizəsi hüququna riayət edərək xəstəliklərlə bağlı məlumatları şərh etmək istəməzdim”.
Vəkil xatırladıb ki, Eldar Həsənov az ağır cinayət törətməkdə ittiham edilir və qanun bu növ cinayətlərə görə seçilmiş həbs qətimkan tədbirinin girovla əvəz olunmasına yol verir: “Eldar Həsənov elan edilmiş ittihamlarda özünü təqsirli bilmir, tam, hərtərəfli, obyektiv araşdırma aparılmasını tələb edir. Onun şəxsiyyətini xarakterizə edən halları, 65 yaşının olmasını, səhhətində olan problemləri, o cümlədən infeksiyaya yoluxma riskini nəzərə alaraq müdafiə tərəfi məhkəməyə həbs qətimkan tədbirinin girovla əvəzlənməsi haqda vəsatətlə müraciət etmək niyyətindədir. Dövlət başçısına və hüquq mühafizə orqanlarının rəhbərlərinə müraciət edərək öz səlahiyyətləri çərçivəsində vəsatətimizin qanunauyğun həll edilməsində yardımçı olmalarını xahiş edirik. Ümidvarıq ki, vəsatətimiz qanuni həllini tapacaq”.
Novator.az xatırladır ki, Dövlət Təhlükəsizliyi Xidməti 2020-ci il iyulun 3-dən Xarici İşlər Nazirliyində istintaq-əməliyyat tədbirləri aparıb, İşlər İdarəsinin müdiri, İşlər İdarəsinin təsərrüfat şöbəsinin müdiri, Konsulluq İdarəsinin konsulluq-hüquq şöbəsinin rəisi, Konsulluq İdarəsinin rəisi həbs edilib.
İyulun 16-da prezident İlham Əliyev Elmar Məmmədyarovu xarici işlər naziri vəzifəsindən çıxarıb, həmin posta Ceyhun Bayramov təyinat alıb.
Avqustun 13-də Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə maliyyə yoxlamaları zəminində Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov tutulub.
Haqqında həbs qətimkan tədbiri seçilən Eldar Həsənov vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və büdcə vəsaitlərini təyinatı üzrə istifadə etməməkdə ittiham olunur.
Avqustun 17-də prezident İlham Əliyev Eldar Həsənovu Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri vəzifəsindən azad edib.
Təxminən bir həftə sonra Eldar Həsənov barəsində qaldırılmış cinayət işi Xarici İşlər Nazirliyi əməkdaşlarının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsində istintaq edilən cinayət işindən ayrılaraq Baş Prokurorluğa göndərilib. Hazırda Eldar Həsənovun işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır.
Vəkil Adil İsmayılov sentyabrın 1-də yaydığı açıqlamasında onu da bildirib ki, Eldar Həsənovun xahişi nəzərə alınaraq o, Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanılır: “Eldar Həsənovun saxlama şəraitindən və ona göstərilən münasibətdən heç bir narazılığı yoxdur”.
Eldar Həsənov 1955-ci il oktyabrın 10-da Kəlbəcərin Laçın kəndində doğulub, orada orta təhsil alıb.
Bakıda indiki Azərbaycan Texniki Universitetini elektronika mühəndisi ixtisası, Moskvada SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasını hüquqşünas ixtisası ilə bitirib.
1977-ci ildən Azərbaycanın Daxili İşlər Nazirliyi sistemində çalışıb, müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini, rəisi postlarını tutub, Bakının Nizami rayonunun, Gəncə şəhərinin milis rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini olub.
1993-1995-ci illərdə baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə baş prokuror vəzifəsində xidmət edib. Ədliyyə general-leytenantıdır.
2001-ci il martın 28-dən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu il sentyabrın 14-dən ölkəni həmçinin Serbiyada, 2010-cu il iyulun 28-dən eyni zamanda Monteneqroda, həmin il avqustun 31-dən həmçinin Bosniya və Herseqovinada təmsil edib. 2013-cü il martın 28-də onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.
Eldar Həsənov hüquq elmləri doktoru, professordur. Gəncə Pedaqoji Universitetinin müəllimi, Azərbaycan Pedaqoji Universitetinin dosenti olub.
Mütəşəkkil cinayətkarlıq, xüsusilə terrorizm və narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair və digər mövzularda Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Almaniya, Rumıniya, Makedoniya, Ukrayna, Serbiya, Monteneqroda nəşr olunmuş kitabların, dərslik və dərs vəsaitlərinin, elmi və publisistik əsərlərin müəllifidir.
Eldar Həsənov ailəlidir, iki qızı, bir oğlu, altı nəvəsi var.
Eldar Həsənov həbsi barədə nə deyir?