Bakı Nəqliyyat Agentliyinin avqustun 31-də yaydığı rəsmi məlumata görə, taksi fəaliyyətinin tənzimlənməsi mövzusunda görüş keçirilib. Görüşdə İqtisadiyyat, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndələri, Azərbaycan Texniki Universitetinin mütəxəssisləri, vətəndaş cəmiyyətinin təmsilçiləri və ekspertlər iştirak edib. Qeyd olunub ki, Bakı Nəqliyyat Agentliyi taksi fəaliyyətinin tənzimlənməsi, qanunvericiliyin təkmilləşdirilməsi və səmərəli nəzarət mexanizmlərinin yaradılması məqsədilə konsepsiya hazırlayıb. Konsepsiyada vahid dispetçer mərkəzinin yaradılması, tarif sisteminin və kvotanın tətbiqi ilə bağlı məsələlər öz əksini tapıb.
Novator.az-ın məlumatına görə, Bakı Nəqliyyat Agentliyinin (BNA) təşəbbüsünə münasibət bildirən iqtisadçı Samir Əliyev yazır ki, əksəriyyət taksi xidmətində yeni qaydalar anonsundan narahatdır və onun fəsadlarının ağır olacağını ehtimal edir: “Hazırda taksi xidməti sektoru Azərbaycanda yüksək rəqabətin olduğu azsaylı sahələrdən biridir. Bu sektorda son dörd-beş ildə yaranmış rəqabətin nəticəsində qiymətlər əhəmiyyətli dərəcədə düşüb. Dövlət isə bu rəqabəti qorumaq əvəzinə əvvəlcə öz şirkətini – Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Bakı Taksi Xidmətini yaradaraq bazara daxil oldu, sonra öz şirkətinə maliyyə dəstəyi verərək bahalı və müasir avtomobillər gətizdirdi, indi də müxtəlif tənzimləyici qaydalarla bazarda möhkəmlənmək istəyir. Konsepsiyada nəzərdə tutulanlar həyata keçsə, taksi şirkətlərinin sayı kəskin azalacaq və bazarda ancaq dövlət şirkəti, ən yaxşı halda bir neçə iri şirkət qalacaq. Rəqabətsiz xidmət sonda bahalaşacaq, xidmətin keyfiyyətində isə ciddi artım olmayacaq.
Bəzi ölkələrdə taksi xidmətinə münasibətdə müxtəlif tənzimləmələr mövcuddur. Tənzimləmələr əsasən 3 istiqamətdə olur: tarifin tənzimlənməsi; lisenziyaların tənzimlənməsi; keyfiyyətin tənzimlənməsi. Ancaq son illər əksər ölkələrində, o cümlədən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrində taksi xidmətinə münasibətdə şərtlərin yumşaldılması tendensiyası müşahidə edilir. Yeni tendensiya özünü qiymətin sərbəstləşdirilməsində və lisenziyaların sayına qoyulan limitlərin aradan qaldırılmasında göstərir. Bunun nəticəsində gözləmə vaxtı əhəmiyyətli dərəcədə azalır, qiymətlər isə düşür.
BNA və bəzi ekspertlər iddia edir ki, indiki tariflər çox aşağı olduğundan taksi sürücülərinin gəlirləri azdır və onlar narazıdır. Bu iddia doğru deyil. Hər gün xeyli sayda taksi Bakıdan Xırdalana (və əksinə), Sumqayıta (və əksinə) sərnişinin birini 1 manata aparır. Kifayət qədər böyük məsafə 4 manata qət olunur.
Eyni vəziyyət “20 Yanvar” – “Koroğlu” metro stansiyaları, “20 Yanvar” metro stansiyası – Müşfiqabad qəsəbəsi istiqamətində də var. “Koroğlu” metro stansiyasından Bakı kəndlərinə olan marşrutları da qeyd etmək olar. Əgər qiymət belə azdırsa, niyə minlərlə sürücü 1 manata sərnişin daşımağa maraq göstərir?
Məhz ucuz xidmətlərin hesabına son vaxtlar taksidən daha çox istifadə etməyə başlamışam. Sürücüləri danışdıranda qazancdan gileylənmirlər . Hamısı öz şəxsi maşınından istifadə edir. Əsas narazılıqları vergi yükünün ağırlığıdır. Sürücüləri taksi şirkətləri ilə əməkdaşlığa heç kim məcbur etmir, bu onların öz seçimidir. Metroların, dayanacaqların yanında bütün günü mürgüləyən, gün ərzində bir-iki sifariş qəbul etməklə kifayətlənən, sərnişindən azı 5 manat tələb edən sərbəst taksi sürücülərindən fərqli olaraq şirkətlərlə işləyənlər daha çox qazanır.
Əlbəttə, sürücülər daha çox xidmət haqqı almağa etiraz etməzlər, ancaq mövcud tariflər onları hələ ki, qane edir.
Vahid dispetçer mərkəzinə gəlincə, bunun Azərbaycanda nə dərəcədə effektiv işləyəcəyi məlum deyil. Söhbət eyni anda yüzlərlə, minlərlə sərnişinin zəng vurmasından gedir. Bütün zənglər cavablandırılacaq, yoxsa müştəri dövlət qurumlarında, banklarda, mobil operatorlarda olduğu kimi qulağında telefon 5-10 dəqiqə musiqiyə qulaq asmaq məcburiyyətində qalacaq?
BNA-nın digər iradı xidmətin keyfiyyətinin aşağı olması ilə bağlıdır. Agentik haqlıdır. Bu baxımdan dövlətin işi xarici ölkələrdə olduğu kimi taksi xidmətinə dair standartların qəbulu və onlara riayət edilməsini təmin etməkdən ibarət olmalıdır. Dövlət tənzimləməlidir, taksi xidməti göstərməli deyil. Digər tərəfdən xidmətin keyfiyyəti heç də təkcə avtomobilin təzə, rahat və səliqəli olması deyil. Xidmətin keyfiyyəti həm də gözləmə vaxtının az olması, qiymətlərin münasib olması və dispetçerlə qısa müddətdə əlaqə saxlamaq mümkünlüyüdür.
Vahid tarifin tətbiqi mexanizmindən imtina edilməlidir. Çünki bu addım taksi xidməti sektorunda kiçik sahibkarlıq subyektlərini sıradan çıxaracaq, işsizliyi artıracaq və qeyri-rəsmi taksi xidmətləri göstərən sürücülərin sayı daha da artacaq. Vergi ödəyicilərinin puluna baha alınan və səmərəli olmayan taksi maşınlarına xidmət də bahadır. Onların tarifləri indiki tariflərlə rəqabət apara bilməz. Qiymətləri yeni taksilər üçün əlverişli həddə qaldırmaq üçün ortaya vahid tarif söhbəti atılıb. Bu siyasət bahalı və inhisarçı taksi xidməti ilə yekunlaşacaq”.