Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın tərkibi yenilənib. Proses prezident İlham Əliyevin 31 avqust sərəncamı ilə başa çatıb, komissiyaya bu şəxslər təyinat alıb:
Samir Nuriyev – Prezident Administrasiyasının rəhbəri
Fuad Ələsgərov – prezidentin köməkçisi, administrasiyanın hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri
Gündüz Kərimov – Prezident Administrasiyasının qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, birinci vitse-prezidentin köməkçisi
Vilayət Eyvazov – daxili işlər naziri
Əli Nağıyev – Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi.
Novator.az bildirir ki, 3 mart 2004-ci ildə yaradılmış Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın 5 üzvünün təyinatı prezidentin, 5 üzvünün təyinatı Milli Məclisin, 5 üzvünün təyinatı Konstitusiya Məhkəməsinin səlahiyyətindədir.
Milli Məclis komissiyaya parlament sədrinin müavini, gənclər və idman komitəsinin sədri Adil Əliyevi, deputatlar Əminə Ağazadə, Elşad Mirbəşiroğlu, Arzu Nağıyevi və Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevi seçib.
Konstitusiya Məhkəməsi tərəfdən qurumda sədr Fərhad Abdullayev, ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, baş prokuror Kamran Əliyev, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov təmsil olunur.
Əsasnamədə komissiyanın əsas vəzifələri belə sıralanır: korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak, bu sahədə dövlət orqanlarının və digər qurumların fəaliyyətini əlaqələndirmək; korrupsiyaya qarşı mübarizənin vəziyyətini və səmərəliliyini təhlil etmək; korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramlarının icrasına nəzarət; “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda nəzərdə tutulan maliyyə xarakterli məlumatları qəbul etmək və onların təqdim edilməsinə nəzarət; korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları toplamaq, təhlil etmək, ümumiləşdirmək və müvafiq dövlət orqanlarına və digər qurumlara təkliflər vermək; korrupsiyaya qarşı mübarizə sahəsində dövlət orqanları və digər qurumlarla əməkdaşlıq etmək; cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak, bu sahədə dövlət orqanlarının və qurumlarının fəaliyyətini əlaqələndirmək, dövlət proqramlarının icrasına nəzarət.
Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın sədrini üzvlər seçir.