Baş Prokurorluğun bu il iyunun 17-də yaydığı məlumatda bildirilib ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundakı qanunsuzluqlar barədə Hesablama Palatasından daxil olmuş material Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb: “Araşdırma zamanı fondun vəzifəli şəxslərinin dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl etməməsi, vəsaitləri təyinatı üzrə istifadə etməməsi, tikinti norma və qaydalarını pozması, kütləvi informasiya vasitələrinə yardımları qanunsuz verməsinə əsaslı şübhələr müəyyən edilib. Daxil olmuş materiala əsasən, fondun xərclər smetasının icrası, proqram, layihə və digər tədbirlərin maliyyələşdirilməsi, habelə fondun saxlanması xərcləri, KİV-lərə maliyyə yardımının və gündəlik ictimai-siyasi qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması, tikinti sahələrində pozuntular üzündən külli miqdarda artıq vəsait qanunsuz xərclənib.
Qanunsuz əməllərə görə Cinayət Məcəlləsinin 179.4-cü (külli miqdarda mənimsəmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2-ci (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə qanunsuz halların tam, hərtərəfli yoxlanmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Jurnalistlər üçün dövlət vəsaiti hesabına inşa edilmiş iki yaşayış binasından mənzilə ehtiyacı olan jurnalistlərə ev verilməsinə maneçilik törədilməsi, həmin evlərin paylanması qayda və şərtlərinin kobud şəkildə pozulması ilə bağlı daxil olmuş şikayətlər üzrə də araşdırmalar aparılır”.
Sentyabrın 1-də Baş Prokurorluq AZƏRTAC-ın sorğusu əsasında məsələyə yenidən qayıdıb. Sorğuda qeyd olunub ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu üzrə cinayət işinə Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun təqsirləndirilən şəxs kimi cəlb edilməsi haqda məlumat yayılıb: “İddia olunub ki, Əli Həsənovun Türkiyədə olduğu xəstəxanadan onun səhhətinin təyyarəyə minməsinə imkan verib-vermədiyi öyrənilib, Əli Həsənova yaxın müddətdə geri qayıtmasa, haqqında beynəlxalq axtarış elan ediləcəyi və tutulub Azərbaycana gətiriləcəyi bildirilib”.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin yol verdiyi qanunsuz əməllərə görə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi üzrə qanunsuz halların tam, hərtərəfli yoxlanmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində intensiv və zəruri istintaq tədbirləri davam etdirilir.
Novator.az bildirir ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2009-cu il aprelin 3-də yaradılıb. 2009, 2013 və 2017-ci illərdə prezident İlham Əliyev Vüqar Səfərlini qurumun icraçı direktoru təyin edib.
2020-ci il aprelin 4-də prezident Vüqar Səfərlini icraçı direktor vəzifəsindən azad edib. Dövlət başçısının digər sərəncamı ilə Əhməd İsmayılov icraçı direktor təyin olunub.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu mətbuat orqanlarına dövlət büdcəsindən yardımların ayrılmasına məsuldur. Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilmiş binaların sifarişçisi də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu olub. İki bina 2013 və 2017-ci illərdə istifadəyə verilib, digəri inşa olunur.
1960-cı il təvəllüdlü Əli Həsənov Moskva Dövlət Universitetinin tarix fakültəsini və həmin təhsil ocağının aspiranturasını bitirib.
1992-1995-ci illərdə elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətlə məşğul olub.
1995-ci ildən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinə rəhbərlik edib. 2015-ci ildən eyni zamanda prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi olub.
2019-cu ilin noyabr ayının 29-da Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi ləğv edilib və Əli Həsənov postunu itirib.
Əli Həsənov ürək xəstəliyindən əziyyət çəkir, hazırda Türkiyədə müalicə alır.
Sentyabrın 1-də Əli Həsənov özünün “Facebook” səhifəsində yazıb ki, prokurorluq orqanlarının təqsirləndirilən şəxs kimi onunla maraqlanması və hansısa axtarış tədbirləri həyata keçirmələri haqqında iddiaların heç bir əsası yoxdur: “Mən hazırda Türkiyədə müalicədəyəm və yəqin ki, hər şey yaxşı keçsə, on-on beş günə Azərbaycana qayıdacağam”.