Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin, Vergi Məcəlləsinin, “İpoteka haqqında” və “İcra haqqında” qanunların bəzi müddəalarını əlaqəli şəkildə şərh edib. İşə Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında baxılıb.
Novator.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsinin Konstitusiya Məhkəməsinə müraciətində qeyd olunub ki, “AccessBank” 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC ilə çəkişmə aparıb. Bank keçirilmiş hərracın yekunlarına dair protokolun və alğı-satqı müqaviləsinin sadələşdirilmiş vergi ödəmədən və həmin verginin ödənməsi tələb edilmədən bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını istəyib. “İpoteka haqqında” qanuna istinad edən bank borcun əvəzi olaraq ona təklif olunmuş əmlakları qəbul etdiyini bildirib, hərraca çıxarılmış ipoteka predmetinin satıcısı olmadığını əsas tutaraq ondan vergilərin ödənməsinin tələb olunmasını və bu əsasla cavabdehin həmin əmlakların onun adına rəsmiləşdirilməsindən imtinasını əsassız sayıb.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 9 dekabr 2019-cu il qətnaməsi ilə “AccessBank”ın iddia tələbi təmin edilib.
Vergilər Nazirliyi apellyasiya şikayəti verərək qətnamənin ləğvini xahiş edib.
Bakı Apellyasiya Məhkəməsi işə baxarkən məsələ üzrə müvafiq şərhin verilməsinin zəruriliyi qənaətinə gəlib. Müraciətdə göstərilib ki, birinci instansiya məhkəməsi qətnaməsini “AccessBank” QSC-nin daşınmaz əmlakı təqdim edən şəxs deyil, həmin əmlakı əldə edən qismində çıxış etməsi və müvafiq əməliyyatda satıcının iştirak etməməsi, bu səbəbdən bankdan sadələşdirilmiş vergi ödənməsinin tələb edilməsinin qanunauyğun olmaması ilə əsaslandırıb.
Vergilər Nazirliyi isə apellyasiya şikayətini onunla əsaslandırıb ki, Vergi Məcəlləsi yaşayış və qeyri-yaşayış, habelə torpaq sahələrinin açıq hərracda təqdim edilməsi zamanı sadələşdirilmiş verginin hesablanaraq tutulması öhdəliyini hərracın nəticələrini müvafiq protokolla təsdiq edən ixtisaslaşdırılmış təşkilatların üzərinə qoyub. Mübahisələndirilən halda bank əmlakı əldə edən, hərrac təşkilatı isə hərracın keçirilməsinə cavabdeh şəxs qismində çıxış etdiyindən həmin əməliyyat zamanı ipoteka predmetinin faktiki satıcısı qismində heç bir subyekt iştirak etmir. Sadələşdirilmiş verginin ödəyicisi daşınmaz əmlakı təqdim edən (satıcı) olsa da, vergi məbləği məhz əmlakı əldə edənin həyata keçirdiyi ödənişdən tutulur. Bu baxımdan vergi qanunvericiliyi sadələşdirilmiş verginin məhz ödəmə mənbəyində, yəni ödənişin forması və üsulundan asılı olmayaraq gəliri ödəyən şəxsdən (bankdan) tutulması tələbi qoyur, vergi ödənmədən hərracın nəticələrinin rəsmiləşdirilməsi mümkünsüzdür.
Konstitusiya Məhkəməsinin qərarında Milli Məclisə tövsiyə yer alır. Tövsiyədə qeyd olunur ki, ipoteka saxlayanın məhkəmə qaydasında təmin olunmuş tələbi əsasında keçirilmiş təkrar hərrac baş tutmamış elan edildikdə ipoteka predmetini ipoteka saxlayanın əldə etməsi zamanı sadələşdirilmiş verginin ödənməsi qaydaları mümkün qədər qısa müddət ərzində tənzimlənməlidir (Qərar).