Avqustun 26-sı Bakının Nizami Rayon Məhkəməsində məhbus siyasətçi Tofiq Yaqublunun cinayət işi üzrə proses keçirilib. Azadliq.org-un məlumatına görə, iclasda şahid ifadəsi verən Novruz Novruzov deyib ki, Cavanşir kimi tanınır, ona görə cinayət işində adı Cavanşir yazılıb, sənəddə adı Novruzdur.
Tofiq Yaqublunun vəkilləri Elçin Sadıqov və Aqil Layıc bu izahata etiraz edib. Onlar vəsatət qaldıraraq cinayət işinin materiallarında şahid qismində təqdim edilən Cavanşir Novruzovun ifadə verməsini istəyiblər. Vəsatətdə qeyd olunub ki, iş materiallarında Cavanşir Novruzovun şəxsiyyət vəsiqəsinin surəti yoxdur və məhkəməyə onun əvəzinə başqası gələ bilər. Hakim Nəriman Mehdiyev vəsatəti təmin etməyib.
Şahid Əli Ağayev prosesə gəlməyib, məhkəməyə teleqram vuraraq xəstə olduğunu bildirib, ibtidai istintaqa ifadəsini təsdiqlədiyini vurğulayıb.
Tofiq Yaqublunun vəkilləri şahidin prosesə gəlməsində təkid edib, bu barədə vəsatət qaldırıblar. Hakim bu vəsatətə də yox deyib.
Növbəti proses avqustun 28-nə təyin edilib.
1961-ci il təvəllüdlü Tofiq Yaqublu milli azadlıq hərəkatının fəalı, Qarabağ müharibəsi veteranıdır. 1992-ci ildən Müsavat Partiyasının, 2013-cü ildən Demokratik Qüvvələrin Milli Şurasının üzvüdür. 2013-2016-cı illərdə siyasi ittihamla həbsdə yatıb.
Tofiq Yaqublu bu il martın 22-də tutulub. O, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıqda təqsirli bilinir. Rəsmi ittihama əsasən, Tofiq Yaqublu martın 22-də idarə etdiyi avtomobillə Bakının Nizami rayonunda qaydaları pozub, Elxan Cəbrayılovun idarə etdiyi avtomobillə toqquşub.
Tofiq Yaqublunun mübahisə zəminində Elxan Cəbrayılovu yumruqla və vintaçan alətlə zərbələr vurub xəsarətlər yetirdiyi, onun avtomobildə olan yoldaşı Cəvahir Cəbrayılovanı əli ilə itələyib xəsarət yetirdiyi bəyan olunub.
Məhbus siyasətçi ittihamı qəbul etmir, bildirir ki, Elxan Cəbrayılovun maşını əvvəldən həmin ərazidə dayanıb gözləyib, işarədən sonra qəfildən onun dayanmış avtomobilinə tərəf hərəkət edərək qəza törədib.
Tofiq Yaqublu Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında saxlanır.
İbtidai istintaqı Nizami Rayon Polis İdarəsinin müstəntiqi Ramil Əliyev aparıb.
Tofiq Yaqublu yenə həbsə gedir
Tofiq Yaqublunun məhkəməsi qapalı keçiriləcək
Ev dustaqlığına da yox deyildi
Tofiq Yaqublu nədən narazıdır?
Məhkəmənin Tofiq qərarı dəyişməz qaldı
Həbsin uzadılması: şikayət təmin olunmadı
Tofiq Yaqublu məhkəməni səbirsizliklə gözləyir
Tofiqin mühakiməsi “yox”larla başladı
Tofiq Yaqublu: “Mən əsir götürülmüş şəxsəm”
“Yalan danışıb qapını bağlayırsan, sonra da deyirsən…”