2020-ci ilin yanvar-iyul aylarında Azərbaycanda ictimai iaşə xidmətlərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 50,2 faiz azalıb. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi bildirir ki, bu, koronavirus infeksiyasını cilovlamaq üçün obyektlərin fəaliyyətinə qoyulan məhdudiyyətlərin və turizm böhranının nəticəsidir.
Yanvar-iyul aylarında Azərbaycana 152 ölkədən 618,3 min, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə az əcnəbi gəlib.
İctimai iaşə dövriyyəsinin iyulda ötən ilin eyni ayına nəzərən 3,7 dəfə azaldığı vurğulanır, xidmətlərin yeddi aylıq həcmi 415,3 milyon manat göstərilir.
Ödənişli xidmətlərdən əldə olunan gəlirin yanvar-iyul aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 22,2 faiz azalaraq 3 milyard 843,5 milyon manat olduğu qeyd edilir. Hesabata əsasən, yeddi ayda hər bir ölkə sakini orta hesabla 385,8 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 109,2 manat az müxtəlif ödənişli xidmətlərdən yararlanıb.