Avqustun 25-i Bakının Nizami Rayon Məhkəməsində məhbus siyasətçi Tofiq Yaqublunun cinayət işi üzrə proses keçirilib. Azadliq.org-un məlumatına görə, iclasda danışan Tofiq Yaqublu məhkəmə prosesinin canlı yayımına şərait yaratmağa, bütün media nümayəndələrini zala buraxmağa çağırıb. O, avqustun 22-si Abşeron Rayon Məhkəməsində keçirilən prosesi – sabiq deputat İlham Əliyevin və onun qudasının inzibati həbs cəzası aldığı prosesi misal gətirib, həmin iclasda media nümayəndələrinin geniş təmsilçiliyinə, hətta canlı yayıma imkan verildiyini deyib. Ancaq koronavirus məhdudiyyətləri əsas gətirilərək bəzi jurnalistlər və fəallar 25 avqust prosesinə buraxılmayıb.
1961-ci il təvəllüdlü Tofiq Yaqublu milli azadlıq hərəkatının fəalı, Qarabağ müharibəsi veteranıdır. 1992-ci ildən Müsavat Partiyasının, 2013-cü ildən Demokratik Qüvvələrin Milli Şurasının üzvüdür. 2013-2016-cı illərdə siyasi ittihamla həbsdə yatıb.
Tofiq Yaqublu bu il martın 22-də tutulub. O, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıqda təqsirli bilinir. Rəsmi ittihama əsasən, Tofiq Yaqublu martın 22-də idarə etdiyi avtomobillə Bakının Nizami rayonunda qaydaları pozub, Elxan Cəbrayılovun idarə etdiyi avtomobillə toqquşub.
Tofiq Yaqublunun mübahisə zəminində Elxan Cəbrayılovu yumruqla və vintaçan alətlə zərbələr vurub xəsarətlər yetirdiyi, onun avtomobildə olan yoldaşı Cəvahir Cəbrayılovanı əli ilə itələyib xəsarət yetirdiyi bəyan olunub.
Məhbus siyasətçi ittihamı qəbul etmir, bildirir ki, Elxan Cəbrayılovun maşını əvvəldən həmin ərazidə dayanıb gözləyib, işarədən sonra qəfildən onun dayanmış avtomobilinə tərəf hərəkət edərək qəza törədib.
Tofiq Yaqublu Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında saxlanır.
İbtidai istintaqı Nizami Rayon Polis İdarəsinin müstəntiqi Ramil Əliyev aparıb.
Avqustun 25-i keçirilən məhkəmə iclasının fasiləsində Tofiq Yaqublunun vəkilləri Elçin Sadıqov və Aqil Layıc onunla özəl söhbət üçün hakimdən 5 dəqiqə vaxt istəyiblər. Hakim icazə versə də, söhbət zamanı vəkillər və Tofiq Yaqublu tək buraxılmayıb.
Siyasətçinin qızı Nigar Həzi özünün “Facebook” səhifəsində yazır ki, prosesdə 15 yaşlı şahid Tofiq Yaqubluya qarşı ifadə verib. Onun sözlərinə görə, prosesdə şahid Novruzov Cavanşir İsrafil oğlu kimi təqdim edilən şəxsin həqiqətən həmin adam olmasına şübhələr üzə çıxıb. Tofiq Yaqublunun vəkilləri vəsatət qaldıraraq onun şəxsiyyətinin dəqiqləşdirilməsi üçün Daxili İşlər Nazirliyinə sorğu göndərilməsini istəyiblər.
Məhkəmə avqustun 26-da davam edəcək.
Tofiq Yaqublu yenə həbsə gedir
Tofiq Yaqublunun məhkəməsi qapalı keçiriləcək
Ev dustaqlığına da yox deyildi
Tofiq Yaqublu nədən narazıdır?
Məhkəmənin Tofiq qərarı dəyişməz qaldı
Həbsin uzadılması: şikayət təmin olunmadı
Tofiq Yaqublu məhkəməni səbirsizliklə gözləyir
Tofiqin mühakiməsi “yox”larla başladı
Tofiq Yaqublu: “Mən əsir götürülmüş şəxsəm”
“Yalan danışıb qapını bağlayırsan, sonra da deyirsən…”