Baş Prokurorluq sabiq səfir Eldar Həsənovun barəsində cinayət işinin Dövlət Təhlükəsizliyi Xidmətindən alınması barədə məlumatı təsdiqləyib. Avqustun 25-də qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vəkil Adil İsmayılovun yaydığı xəbər doğrudur, hazırda Eldar Həsənov barəsində cinayət işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır.
Dövlət Təhlükəsizliyi Xidməti 2020-ci il iyulun 3-dən Xarici İşlər Nazirliyində istintaq-əməliyyat tədbirləri aparıb, İşlər İdarəsinin müdiri, İşlər İdarəsinin təsərrüfat şöbəsinin müdiri, Konsulluq İdarəsinin konsulluq-hüquq şöbəsinin rəisi, Konsulluq İdarəsinin rəisi həbs edilib.
İyulun 16-da prezident İlham Əliyev Elmar Məmmədyarovu xarici işlər naziri vəzifəsindən çıxarıb, həmin posta Ceyhun Bayramov təyinat alıb.
Avqustun 13-də Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə maliyyə yoxlamaları zəminində Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov Bakıda tutulub.
Novator.az bildirir ki, Eldar Həsənov Bakıya Serbiya baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi, daxili işlər naziri Neboyşa Stefanoviçin səfəri çərçivəsində gəlib. Neboyşa Stefanoviç avqustun 11-i Bakıda Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və daxili işlər naziri Vilayət Eyvazovla görüşlər keçirib.
Eldar Həsənov avqustun 13-ü səhər saat 9 radələrində evindən çıxaraq Xarici İşlər Nazirliyinə, nazir Ceyhun Bayramovla əvvəlcədən razılaşdırılmış görüşə gedərkən saxlanıb və Dövlət Təhlükəsizliyi Xidmətinə aparılıb.
Avqustun 14-də Səbail Rayon Məhkəməsi Eldar Həsənov barəsində həbs qətimkan tədbiri seçib. Ona Cinayət Məcəlləsinin 308.2 və 308-1.1-ci maddələri ilə ittiham irəli sürülüb.
308.2-ci maddəyə görə, vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
308-1.1-ci maddəyə əsasən, dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə xeyli miqdarda (50 min manatdan 250 min manatadək) törədildikdə 9 min manatdan 13 min manatadək miqdarda cərimə edilməklə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası verilir.
Eldar Həsənov ittihamları qəbul etmir, həbsini əsassız sayır.
Avqustun 17-də prezident İlham Əliyev Eldar Həsənovu Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri vəzifəsindən azad edib.
Eldar Həsənovun vəkili Adil İsmayılov avqustun 24-ü özünün “Facebook” səhifəsində yaydığı açıqlamada bəyan edib ki, diplomat barəsində cinayət işi Xarici İşlər Nazirliyi əməkdaşlarının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsində istintaq edilən cinayət işindən ayrılaraq istintaqın davam etdirilməsi üçün Baş Prokurorluğa göndərilib: “Müdafiə tərəfinin vəsatətlərini nəzərə alaraq obyektiv və ədalətli qərar qəbul etdikləri üçün Eldar Həsənovun adından Dövlət Təhlükəsizliyi Xidmətinin və Baş Prokurorluğun rəhbərliyinə minnətdarlığımızı bildirirəm”.
Adil İsmayılov əlavə edib ki, Eldar Həsənov həbsini anlaşılmazlıq sayır, məsələnin ölkə daxilində, hüquqi müstəvidə öz həllini tapacağına ümid edir və vəsatətin təmin edilməsi onun ümidini artırıb.
Eldar Həsənov 1955-ci il oktyabrın 10-da Kəlbəcərin Laçın kəndində doğulub, orada orta təhsil alıb.
Bakıda indiki Azərbaycan Texniki Universitetini elektronika mühəndisi ixtisası, Moskvada SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasını hüquqşünas ixtisası ilə bitirib.
1977-ci ildən Azərbaycanın Daxili İşlər Nazirliyi sistemində çalışıb, müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini, rəisi postlarını tutub, Bakının Nizami rayonunun, Gəncə şəhərinin milis rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini olub.
1993-1995-ci illərdə baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə baş prokuror vəzifəsində xidmət edib. Ədliyyə general-leytenantıdır.
2001-ci il martın 28-dən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu il sentyabrın 14-dən ölkəni həmçinin Serbiyada, 2010-cu il iyulun 28-dən eyni zamanda Monteneqroda, həmin il avqustun 31-dən həmçinin Bosniya və Herseqovinada təmsil edib. 2013-cü il martın 28-də onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.
Eldar Həsənov hüquq elmləri doktoru, professordur. Gəncə Pedaqoji Universitetinin müəllimi, Azərbaycan Pedaqoji Universitetinin dosenti olub.
Mütəşəkkil cinayətkarlıq, xüsusilə terrorizm və narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair və digər mövzularda Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Almaniya, Rumıniya, Makedoniya, Ukrayna, Serbiya, Monteneqroda nəşr olunmuş kitabların, dərslik və dərs vəsaitlərinin, elmi və publisistik əsərlərin müəllifidir.
Eldar Həsənov ailəlidir, iki qızı, bir oğlu, altı nəvəsi var.