Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib. Nazirlər Kabinetinin 25 avqust məlumatına görə, İdarə Heyətinin sədri Mətin Eynullayevin təqdimatı ilə Rövşən Nəcəf, Azər Mursaqulov və Ruslan Əlixanovun İdarə Heyətinin üzvləri təyin ediliblər. Ruslan Əlixanovun eyni zamanda Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru vəzifəsi tutmasına qərar verilib.
Novator.az bildirir ki, Azərbaycan İnvestisiya Holdinqi prezidentin 7 avqust fərmanı ilə yaradılıb. Publik hüquqi şəxs olan Azərbaycan İnvestisiya Holdinqi onun idarəetməsinə verilmiş dövlət şirkətlərinin və müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, onların rəqabət qabiliyyətinin təmin olunması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması sahəsində fəaliyyət göstərəcək.
Qurumun Müşahidə Şurasına baş nazir Əli Əsədov sədrlik edir.
Avqustun 19-da Mətin Eynullayev Azərbaycan İdarə Heyətinin sədri təyin olunub. 1975-ci il təvəllüdlü Mətin Eynullayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, İqtisadi İnkişaf Nazirliyində, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində məsul vəzifələr tutub, Təhsil Nazirliyi Aparatının rəhbəri, təhsil nazirinin müavini, vergilər nazirinin müavini olub.
Fərman: dövlətə bağlı qurumlar bir əldə cəmlənir