Prezident İlham Əliyev avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin edib və onlarla video formatında görüşüb. AZƏRTAC xəbər verir ki, dövlət başçısı yeni icra başçılarını rayonlarda vəziyyəti düzgün təhlil etməyə, nöqsanları, çatışmazlıqları araşdırmağa çağırıb: “İnsanları narahat edən problemlər öz həllini tapmalıdır. Hansısa problem rayon səviyyəsində öz həllini tapa bilmirsə, mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti nazirliklərə müraciət etməlisiniz.
Öz işinizdə həmişə insanlarla bir yerdə olmalısınız. İnsanlar sizin qayğınızı hiss etməlidirlər. Bütün kəndləri bir-bir gəzib, vətəndaşlarla görüşüb mövcud problemləri onların dilindən eşitməli və problemləri həll etməlisiniz.
Rəhbərlik edəcəyiniz rayonlarda dövlət xətti ilə və dövlət vəsaiti hesabına çox iş görülüb. Rayonlarda bütün infrastruktur layihələri uğurla icra edilir. Bu layihələrin böyük hissəsi başa çatıb”.
İlham Əliyev kənd təsərrüfatında islahatların öz səmərəsini verdiyini vurğulayıb: “Yeddi ay ərzində kənd təsərrüfatı artıb. Düzdür, artım o qədər də yüksək rəqəmlərlə ölçülmür, daha da yüksək ola bilərdi, quraqlıq böyük problemlər yaradıb.
Həm taxılçılıqda, həm pambıqçılıqda əsas məqsəd məhsuldarlığın artırılmasıdır. Buna imkanlar var. Ölkə üzrə taxılçılıqda orta məhsuldarlıq bu il 30 sentnerin üstündədir. Halbuki bəzi təsərrüfatlarda, harada ki, müasir texnologiyalar tətbiq olunur və suvarma problemləri öz həllini tapıb, bu rəqəm hər hektardan 70 sentnerə çatıb. Bu da Avropanın ən qabaqcıl ölkələrinin səviyyəsində olan nəticədir. Yəni bu onu göstərir ki, bunu etmək mümkündür. Sadəcə olaraq düzgün yanaşma olmalıdır, bütün aqrotexniki qaydalara əməl edilməlidir, suvarma məsələləri öz həllini tapmalıdır.
Sahibkarlığın inkişafı ölkəmizin ümumi inkişafı ilə birbaşa bağlı olan məsələdir. Bizim iqtisadiyyatımız öz dayanıqlılığını saxlamalıdır, möhkəmləndirilməlidir. Buna nail olmaq üçün qeyri-neft sektorumuz inkişaf etməlidir. Bu inkişaf 2020-ci ilə qədər çox sürətli idi. Pandemiya ilə əlaqədar bütün ölkələrdə iqtisadi tənəzzül müşahidə olunur, o cümlədən bizdə. Ancaq bizdə bu rəqəm kifayət qədər aşağı səviyyədədir. İqtisadiyyat 7 ay ərzində cəmi 2,8 faiz düşübdür. İnkişaf etmiş ölkələrin bəzilərində bu rəqəm 30 faizə çatıb, Avropa məkanında 20 faizə çatır, ümumi avrozona məkanında təqribən 15 faizə yaxındır. Azərbaycanda bu rəqəmin aşağı səviyyədə olması bizim böyük nailiyyət kimi qiymətləndirilməlidir. Ancaq qeyri-neft sektorunda, xüsusilə sənaye istehsalı sahəsində inkişaf var və bu inkişaf 13 faizdir. Buna sahibkarlığın inkişafı hesabına, verilən güzəştli kreditlərin və sahibkarların məsuliyyəti nəticəsində nail olmuşuq. Sahibkarlar sinfi ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayır və siz də sahibkarlara dəstək olmalısınız.
Əfsuslar olsun ki, bəzi rayonlarda sahibkarlar incidilir, onların qarşısında süni əngəllər törədilir, onlardan rüşvət, pay tələb olunur. Buna qətiyyən yol vermək olmaz və bu məsələlərə çox ciddi nəzarət olmalıdır. Sahibkarlar dövlət məmurlarından yalnız dəstək, kömək görməlidirlər və sahibkar ancaq dövlətin vergisini ödəməlidir. Bundan başqa heç kimə heç bir vəsait ödənməməlidir.
Biləsuvar və Saatlı rayonlarında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində öz torpaqlarından didərgin düşmüş köçkünlər yaşayır, onlar üçün şərait yaradılır. Mənim yadımdadır ki, prezident kimi ilk açdığım köçkün qəsəbəsi Biləsuvar rayonunda olub və siz də köçkünlərə xüsusi diqqət göstərməlisiniz. Dövlət bu dəstəyi əsirgəmir, köçkünlər üçün yeni evlər tikilir, şəhərciklər salınır. Təkcə bu il 7 min köçkün ailəsi yeni mənzillərlə, evlərlə təmin ediləcək. Eyni zamanda köçkünlərə verilən müavinət də artırılır və növbəti dəfə keçən il 50 faiz artım olub.
Siz çalışmalısınız ki, rəhbərlik edəcəyiniz rayonlara sərmayə qoyulsun, həm yerli, həm xarici investorları rayonlara cəlb etməlisiniz. Onları maraqlandırmalısınız, onlara şərait yaratmalısınız”.
Prezident qeyd edib ki, Azərbaycanda korrupsiya və rüşvətxorluq hallarına dözümlülük sıfır səviyyəsindədir: “Gördüyümüz işlər bunu təsdiqləyir. Təkcə yerli icra orqanlarının rəhbərləri yox, eyni zamanda mərkəzi icra orqanlarının rəhbərləri də məsuliyyətə cəlb edilibdir və bu məsələlər ictimailəşdirilir. İctimaiyyət görülmüş bütün işlərdən xəbərdar olmalıdır və eyni zamanda mənim insanların vəzifələrə təyinatı ilə bağlı tövsiyələrim artıq ictimaiyyətə çatdırılır. Bütün prezidentliyimin bütün dövründə yeni təyin edilmiş icra başçılarına öz tövsiyələrimi verirdim və bu tövsiyələr bizim ümumi yanaşmamızı əks etdirir. Son vaxtlar biz bunu ictimaiyyətə də təqdim edirik ki, ictimaiyyət də bilsin və sizin rəhbərlik edəcəyiniz rayon sakinləri də bilsinlər ki, mən sizə hansı tapşırıqları vermişəm və siz bu tapşırıqları necə yerinə yetirirsiniz. Ona görsə sizin işinizə ən düzgün və ədalətli qiyməti xalq verəcək.
Siz eyni zamanda öz davranışınızla insanların hörmətini qazanmalısınız. Təvazökar olmalısınız, həm işdə, həm məişətdə, həm özünüz, həm yaxın qohumlarınız. İnsanları qıcıqlandıra biləcək addımlar atmamalısınız. Özünüzü hamıdan yuxarıda hiss etməməlisiniz. Bəzi hallarda bəzi xırda səviyyəli məmurlar özlərini elə aparırlar ki, sanki bütün dünya bunlara borcludur. Özlərini ağa kimi, xan kimi aparırlar, insanlara yuxarıdan aşağı baxırlar. Mən dəfələrlə demişəm ki, prezident başda olmaqla bütün dövlət məmurları xalqın xidmətçisidir. Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar edib və mən təyin etdiyim bütün kadrlardan bunu tələb edirəm. Ancaq əfsuslar olsun ki, bir çox hallarda, bəzi hallarda yox, bir çox hallarda dövlət məmurları özlərini apara bilmirlər. Onlar hesab edirlər ki, onlara hansısa xüsusi imtiyaz verilib. Onlar qanunları pozurlar, bəzi hallarda çox ciddi pozurlar. Cəmiyyətimizdə formalaşmış ənənəvi davranış qaydalarını pozurlar. Özünü xalqdan yuxarıda hiss edirlər, təkəbbürlə yanaşırlar. Ona görə belə hallar mənə məruzə ediləndə dərhal müvafiq göstərişlər verilir və bu insanlar ya inzibati qaydada cəzalandırılır, ya da cinayət məsuliyyətinə cəlb edilir. Rəhbərin təvazökarlığı rəhbərin yaraşığıdır, bu birincisi. İkincisi, rəhbərin mənəvi haqqı olmalıdır ki, öz tabeliyində olan insanlardan nəyisə tələb etsin. Əgər bu mənəvi haqq yoxdursa, nə istəyirsiniz deyin, nə istəyirsiniz edin, sizə nə hörmət, nə də rəğbət olacaq”.