Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasının icra katibinin müavini vəzifəsindən istefa verib. Yap.org.az-ın 24 avqust məlumatına görə, o, istefasını partiya sədri İlham Əliyevə rəsmi müraciətində bəyan edib.
1992-ci ildə Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasına prezident İlham Əliyev 2005-ci ildən sədrlik edir. Partiyanın 760 min nəfərdən çox üzvü var.
Avqustun 18-i Bakıda Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyu olub. Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin bağ evində keçirilən toy böyük qalmaqal doğurub. Koronavirus pandemiyası üzündən toylara yasaq qoyulduğu üçün avqustun 22-də İlham Əliyev və onun qudası 15 sutka inzibati həbs cəzası alıb, toyda iştirak etmiş bir çox şəxs, o cümlədən akademiklər Abel Məhərrəmov, Əli Abbasov, parlamentin regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, onun həyat yoldaşı, ombudsman Səbinə Əliyeva cərimələnib.
Avqustun 22-də Yeni Azərbaycan Partiyası qurumda icra katibinin müavini postunu tutan Siyavuş Novruzova töhmət elan edib.
Novator.az bildirir ki, Siyavuş Novruzov 1969-cu ildə Naxçıvan Muxtar Respublikasında doğulub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini, Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib. Hüquq üzrə fəlsəfə doktorudur.
2000, 2005, 2010, 2015, 2020-ci illərdə Milli Məclisin deputatı seçilib.
1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Şöhrət” ordeni laureatıdır.
Qarabağ müharibəsi veteranıdır.
Ramiz Mehdiyev 1938-ci ildə doğulub. Fəlsəfə elmləri doktorudur.
1965-ci ildən Azərbaycanın mərkəzi komsomol təşkilatında təlimatçı, 1967-ci ildən Naxçıvan Muxtar Respublikasının komsomol təşkilatında ikinci katib olub.
1974-1978-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində məsul vəzifələrdə işləyib.
1978-1980-ci illərdə 26 Bakı Komissarı Rayon Partiya Komitəsinin birinci katibi olub.
1980-ci ildən Azərbaycan KP MK-nın şöbə müdiri, 1983-cü ildən KP MK-nın katibi postlarında çalışıb.
1988-1994-cü illərdə Azərbaycan Elmlər Akademiyasının İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunun şöbə müdiri olub.
1994-cü ildən Prezidentin İcra Aparatının ümumi şöbəsinə müdirlik edib, 1995-ci ildən 2019-cu il oktyabrın 23-dək Prezident Administrasiyasının rəhbəri olub. Həmin gündən Milli Elmlər Akademiyasının prezidentidir.
“Heydər Əliyev”, “İstiqlal”, “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunub.
Təhlükəsizlik Şurasının üzvüdür.