Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev avqustun 24-də açıqlama yayıb. O yazır ki, qız nəvəsi Fidan Əliyevanın avqustun 18-i Novxanıda, bağ evində məhdud sayda qonağın iştirakı ilə keçirilmiş şadlıq məclisi avqustun 20-də qonaqlardan birinin sosial şəbəkələrdə yerləşdirdiyi videodan sonra geniş müzakirə mövzusuna çevrilib: “Həmin günlərdə digər yüksək rütbəli Azərbaycan məmurları və cəmiyyətdə tanınan başqa şəxslər də öz qızlarına, bacılarına, digər yaxın qohumlarına toy və ad günü mərasimləri təşkil ediblər. Ancaq çox qəribədir ki, KİV-lərin diqqəti məhz mənim ailəmin üzərinə yönəldilib.
Təbii ki, aidiyyəti orqanların baş verənlərə münasibətdə tutduqları mövqe haqlıdır. Çünki qanun qarşısında hamı bərabərdir. Məhkəmənin mənim kürəkənim haqqında verdiyi qərarı da ədalətli hesab edirəm. Məclisdə iştirak etmiş digər qonaqların barəsində görülmüş inzibati cəza tədbirləri də qanunlara müvafiqdir.
Ancaq bu da bir həqiqətdir ki, pandemiya dövründə toy və nişan məclisləri keçirən, həmçinin inzibati xəta törədən heç kəs qolları qandallı, nümayişkaranə şəkildə hakim qarşısına çıxarılmayıb. Bu ikili standartın səbəbi həqiqətən də müəmmalıdır. İnanmaq istəyirəm ki, ölkəmizin hüquq mühafizə orqanları, KİV-lər, millət vəkilləri və ictimai xadimlər bu günlərdə baş verən analoji hadisələrə də eyni həssaslıq və prinsipiallıqla yanaşacaq, müqəssirlərin hamısını qolları qandallı şəkildə məhkəmə önünə çıxarıb onlara qanunun aliliyi haqqında dəyərli tövsiyələr verəcəklər. Belə olan təqdirdə sadə vətəndaşların ölkədə hüququn gücünə dair sual və şübhələri tamamilə aradan qalxmış olacaq.
Tarixi təcrübə sübut edib ki, hər bir dövlətin tərəqqisi, gücü və gələcəyi vətəndaşların qanun qarşısında bərabərliyindən keçir. Hər hansı cəmiyyətdə bir qrup insanlar öz vəzifələri, maddi imkanları səbəbindən xüsusi imtiyaz sahiblərinə çevrilib, qanunları yan keçə bilirsə, orada heç bir ədalətdən, doğruluqdan, insanlıqdan danışmaq mümkün deyil.
Özümə gəlincə, mən tənqidlərdə ifrata varan, xüsusi canfəşanlıq edən jurnalistlərdən və millət vəkillərindən qətiyyən incimirəm. Onlar həmişə olduğu kimi vəziyyətə görə davranır, şəraitə uyğun danışırlar. Dünən məni mədh edənlərin bu gün məni tənqid etməsinə eyni səbirlə qulaq asmağa hazıram. Ancaq həmin şəxslər unutmasınlar ki, cənab prezidentin qanunun aliliyi uğrunda apardığı mübarizə onlar üçün də keçərlidir və hər kəs qanunun sərt üzü ilə mütləq üzləşəcək. Həmçinin bu şəxslərə tövsiyə edərdim ki, başqasına daş atarkən ayna qarşısına keçib özlərinə yaxşı-yaxşı baxsınlar. Sual versinlər ki, onların özləri digərlərini tənqid edəcək qədər təmiz mənəviyyat sahibləridirmi? Onların ətrafdakılara əxlaq dərsi keçməyə mənəvi haqları çatırmı? Əgər biz doğrudan da şəffaflıq uğrunda mübarizəyə başlamışıqsa, o zaman natəmizləri məhz dürüst insanların tənqid etməsi daha ədalətli olardı. Nadürüstlərin xalqa mənəviyyat dərsi keçməsi insanlarda ancaq ikrah hissi doğura bilər. Bunu unutmasınlar!”
Novator.az bildirir ki, 1938-ci il təvəllüdlü Ramiz Mehdiyev fəlsəfə elmləri doktorudur.
1965-ci ildən Azərbaycanın mərkəzi komsomol təşkilatında təlimatçı, 1967-ci ildən Naxçıvan Muxtar Respublikasının komsomol təşkilatında ikinci katib olub.
1974-1978-ci illərdə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində məsul vəzifələrdə işləyib.
1978-1980-ci illərdə 26 Bakı Komissarı Rayon Partiya Komitəsinin birinci katibi olub.
1980-ci ildən Azərbaycan KP MK-nın şöbə müdiri, 1983-cü ildən KP MK-nın katibi postlarında çalışıb.
1988-1994-cü illərdə Azərbaycan Elmlər Akademiyasının İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunun şöbə müdiri olub.
1994-cü ildən Prezidentin İcra Aparatının ümumi şöbəsinə müdirlik edib, 1995-ci ildən 2019-cu il oktyabrın 23-dək Prezident Administrasiyasının rəhbəri olub. Həmin gündən Milli Elmlər Akademiyasının prezidentidir.
“Heydər Əliyev”, “İstiqlal”, “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunub.
Təhlükəsizlik Şurasının üzvüdür.
Avqustun 18-i toyu olan Fidan Əliyeva Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin qızıdır. İlham Əliyevin bağ evində keçirilən toy böyük qalmaqal doğurub. Koronavirus pandemiyası üzündən toylara yasaq qoyulduğu üçün avqustun 22-də İlham Əliyev və onun qudası 15 sutka inzibati həbs cəzası alıb, toyda iştirak etmiş bir çox şəxs, o cümlədən akademiklər Abel Məhərrəmov, Əli Abbasov, parlamentin regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, onun həyat yoldaşı, ombudsman Səbinə Əliyeva cərimələnib.
Avqustun 22-də Yeni Azərbaycan Partiyası qurumda icra katibinin müavini postunu tutan Siyavuş Novruzova töhmət elan edib. Avqustun 24-də Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasının icra katibinin müavini vəzifəsindən istefa verib.
1992-ci ildə Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasına prezident İlham Əliyev sədrlik edir.