Novator.az Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin necə dəyişəcəyinə nəzər salıb.
Qüvvədə olan büdcəyə görə, 2020-ci ildə fondun gəlirləri 12 milyard 384,9 milyon manat, xərcləri 11 milyard 589,9 milyon manat olmalıdır.
Xərc istiqamətləri belədir: 2020-ci ilin dövlət büdcəsinə transfert – 11 milyard 350 milyon manat; məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı tədbirlərin maliyyələşdirilməsi – 200 milyon manat; 2019-2023-cü illərdə ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə dövlət proqramının maliyyələşdirilməsi – 10 milyon manat; fondun idarə edilməsi ilə bağlı xərclər – 29 milyon 910,3 min manat.
Avqustun 20-də baş nazir Əli Əsədovun sədrliyi ilə Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib, büdcəyə dəyişiklik layihəsinə xeyir-dua verilib. Yekun qərarı prezident İlham Əliyev qəbul etməlidir.
Maliyyə Nazirliyinin açıqlamasına görə, yenilənmiş büdcədə Dövlət Neft Fondunun gəlirləri 7 milyard 342,6 milyon manat, xərcləri 12 milyard 410 milyon nəzərdə tutulur.
2020-ci ilin dövlət büdcəsinə dəyişikliklərə əsasən, gəlirlərin 12,2 milyard manatı Dövlət Neft Fondundan köçürmənin payına düşür. Bu, əvvəlki variantla müqayisədə 850 milyon manat çoxdur.