Avqustun 21-i Bakının Nizami Rayon Məhkəməsində məhbus siyasətçi Tofiq Yaqublunun cinayət işi üzrə növbəti proses keçirilib.
1961-ci il təvəllüdlü Tofiq Yaqublu milli azadlıq hərəkatının fəalı, Qarabağ müharibəsi veteranıdır. 1992-ci ildən Müsavat Partiyasının, 2013-cü ildən Demokratik Qüvvələrin Milli Şurasının üzvüdür. 2013-2016-cı illərdə siyasi ittihamla həbsdə yatıb.
Tofiq Yaqublu bu il martın 22-də tutulub. O, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıqda təqsirli bilinir. Rəsmi ittihama əsasən, Tofiq Yaqublu martın 22-də idarə etdiyi avtomobillə Bakının Nizami rayonunda qaydaları pozub, Elxan Cəbrayılovun idarə etdiyi avtomobillə toqquşub.
Tofiq Yaqublunun mübahisə zəminində Elxan Cəbrayılovu yumruqla və vintaçan alətlə zərbələr vurub xəsarətlər yetirdiyi, onun avtomobildə olan yoldaşı Cəvahir Cəbrayılovanı əli ilə itələyib xəsarət yetirdiyi bəyan olunub.
Məhbus siyasətçi ittihamı qəbul etmir, bildirir ki, təxribat törədilib – Elxan Cəbrayılovun maşını əvvəldən həmin ərazidə dayanıb gözləyib, işarədən sonra qəfildən onun dayanmış avtomobilinə tərəf hərəkət edərək qəza törədib.
Tofiq Yaqublu Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında saxlanır.
İbtidai istintaqı Nizami Rayon Polis İdarəsinin müstəntiqi Ramil Əliyev aparıb.
Novator.az-ın məlumatına görə, siyasətçinin qızı Nigar Həzi özünün “Facebook” səhifəsində yazır ki, 21 avqust prosesində Tofiq Yaqublu əsəb gərginliyi keçirib, onun halı pisləşib: “Təcili yardım çağırılmasını tələb etdik, ancaq buna baxan olmadı. Proses bitəndən sonra bilmədim atamın durumu necə oldu. Ona görə çox narahatıq, nigaranıq”.
Nigar Həzinin sözlərinə görə, atası Nizami Rayon Polis İdarəsinin yol-qəza hadisələri üzrə inspektoru Malik Manafovun məhkəmədəki ifadəsi fonunda əsəbiləşib: “Malik Manafov təlimata uyğun olaraq əvvəlcədən əzbərlədiyi mətni ifadə kimi danışdı. Yalandan deyir ki, hadisə yerinə gələndə Tofiq Yaqublu maşında olmayıb. Halbuki o, hadisədən sonra gəlib atamın maşınının pəncərəsini döyəcləyib və özünü təqdim edəndən sonra atam maşından düşüb.
Malik Manafov iddia edir ki, qəzanın baş verdiyi ərazidə müşahidə kameraları olmayıb. Əgər kamera olmayıbsa, onda niyə başqa şahidlər deyirlər ki, bizi videolar əsasında müəyyən edib ifadə verməyə çağırıblar?!
Hər şeydən görünür ki, inspektor və əməliyyatçılar hadisədən əvvəl orada olublar və kənardan təxribatı izləyiblər. Ancaq Malik Manafov yalandan deyir ki, guya simsiz rabitə vasitəsi ilə ona məlumat verilib və o, Nizami Polis İdarəsindən hadisə yerinə gəlib. Vəkillər Malik Manafovdan mobil telefonunun nömrəsini istədilər ki, anten dairəsi əsasında onun qəza vaxt harada olduğu müəyyən edilsin. Ancaq inspektor nömrəsini vermədi. Hakim buna “Vermək istəmir, vermir də” deyə reaksiya göstərdi. Bilir ki, onda həqiqət üzə çıxacaq, yalanları ifşa olacaq”.
Tofiq Yaqublu yenə həbsə gedir
Tofiq Yaqublunun məhkəməsi qapalı keçiriləcək
Ev dustaqlığına da yox deyildi
Tofiq Yaqublu nədən narazıdır?
Məhkəmənin Tofiq qərarı dəyişməz qaldı
Həbsin uzadılması: şikayət təmin olunmadı
Tofiq Yaqublu məhkəməni səbirsizliklə gözləyir
Tofiqin mühakiməsi “yox”larla başladı
Tofiq Yaqublu: “Mən əsir götürülmüş şəxsəm”
“Yalan danışıb qapını bağlayırsan, sonra da deyirsən…”