Rusiyalı həkimlər müxalif lider, Gələcək Rusiya Partiyasının sədri, Korrupsiya ilə Mübarizə Fondunun rəhbəri Aleksey Navalnının müalicə üçün xaricə aparılmasına razılıq verməyiblər.
Aleksey Navalnı avqustun 20-də ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həmin gün o, Tomsk şəhərindən paytaxt Moskvaya uçurmuş. Təyyarə havada olarkən Aleksey Navalnı qəflətən özünü pis hiss edərək huşunu itirib, Omsk şəhərində təcili eniş zərurəti yaranıb.
Siyasətçi Omskdakı 1 saylı Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, süni nəfəs aparatına qoşulub.
Novator.az-ın məlumatına görə, Tomsk aeroportunda içdiyi çaydan zəhərləndiyi ehtimal olunan siyasətçi avqustun 21-də müalicə üçün Almaniyaya aparılmalı idi. Omska Almaniyadan təcili tibbi yardım təyyarəsi göndərilib. Ancaq Moskvadan gələn həkimlərin iştirakı ilə keçirilən konsiliumda Aleksey Navalnının səhhətinin köçürülmə üçün əlverişli olmadığı rəyi çıxarılıb.
Həkimlər Aleksey Navalnıya diaqnoz qoymasalar da, onun orqanizmində təhlükəli zəhər aşkarlandığı barədə iddialar var.
1976-cı il təvəllüdlü Aleksey Navalnı Rusiya Xalqlar Dostluğu Universitetinin hüquq fakültəsini bitirib, Rusiya Hökuməti yanında Maliyyə Akademiyasında, ABŞ-ın Yel Universitetində də təhsil alıb.
2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Rusiya Birləşmiş Demokrat Partiyasının (“Yabloko”) müxtəlif strukturlarına rəhbərlik edib, korrupsiyaya qarşı mübarizə aparan Moskvalıları Müdafiə Komitəsinin rəhbərlərindən olub, “DA!” gənclər hərəkatının, “Xalq” hərəkatının yaradıcılarındandır.
Dövlət başçısı Vladimir Putinin ən sərt əleyhdarı kimi ad çıxaran Aleksey Navalnı 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilib. Dəfələrlə inzibati həbs cəzası alıb.