Avqustun 20-də Baş Prokurorluğun mətbuat xidməti açıqlama yayıb. Rəsmi məlumata görə, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Kürdəmir Rayon İcra Hakimiyyətindəki qanun pozuntularına dair siqnallar əsasında araşdırma apararaq cinayət işi başlayıb: “İstintaqla Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun icra hakimiyyəti başçısının birinci müavini Tacəddin Novruzov, Başçı Aparatının ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Natiq Kərimov və icra hakimiyyətinin digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olmaqla və onlar vasitəsilə rayon ərazisində fəaliyyət göstərən dövlət müəssisələrindən, habelə özəl müəssisələrdən müxtəlif məbləğdə pul vəsaitlərini almasına, eləcə də dövlətin mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vuran digər qanunsuz hərəkətlər etməsinə əsaslı şübhələr üzə çıxıb. Həmin şəxslərin birbaşa və icra hakimiyyətinin digər vəzifəli şəxsləri vasitəsilə ayrı-ayrı vaxtlarda rayon ərazisində fəaliyyət göstərən səhiyyə müəssisələrindən ümumilikdə 137 min manat, Kommunal Müəssisələr Kombinatından 58 min manat, təhsil müəssisələrindən 120 min manat, “Azbiyan” Məhdud Məsuliyyətli Cəmiyyətindən 71 min manat məbləğində vəsaiti rüşvət qismində istəyərək almalarına əsaslı şübhələr müəyyən edilib.
19 avqust 2020-ci ildə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Kürdəmir Rayon İcra Hakimiyyətinin inzibati binasında, rayonun Suvarma Sistemləri və Yaşıllaşdırma idarələrində, Kommunal Müəssisələri Kombinatında və icra hakimiyyətinin Kürdəmir şəhər nümayəndəliyində əməliyyat-istintaq tədbirləri keçirib, Ceyhun Cəfərov, Tacəddin Novruzov və Natiq Kərimov tutulub, onlara vəzifə səlahiyyətlərindən sui-istifadə, qabaqcadan əlbir olan bir qrup şəxsin və ya mütəşəkkil dəstənin rüşvət alması, təkrar rüşvət alma, külli miqdarda rüşvət alma ittihamları irəli sürülüb”.
Avqustun 20-də Binəqədi Rayon Məhkəməsi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin təqdimatına baxaraq hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçib.
Kürdəmir Rayon İcra Hakimiyyətinin tabeliyindəki qurumlarda və rayon ərazisində fəaliyyət göstərən digər qurumların fəaliyyətində yol verilmiş qanun pozuntularının araşdırılması istiqamətində istintaq-əməliyyat tədbirlərinin davam etdirildiyi vurğulanır.
Avqustun 20-də sərəncam imzlayan prezident İlham Əliyev Ceyhun Cəfərovu Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.
Novator.az bildirir ki, Ceyhun Cəfərov 1965-ci ildə Yevlax şəhərində doğulub. İndiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetini və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.
Nərimanov Rayon İcra Hakimiyyətinin kommunal təsərrüfat şöbəsində müdir müavini, Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində şöbə müdiri, rəis, Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində rəis postlarını tutub.
2006-2011-ci illərdə Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, 2011-2014-cü illərdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı olub.
16 aprel 2014-cü ildən Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı idi.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
2019-cu ilin dekabr ayında Ağstafanın icra başçısı və Yevlaxın sabiq icra başçısı, 2020-ci ilin fevral ayında Neftçalanın icra başçısı, aprel ayında Biləsuvarın icra başçısı, may ayında İmişlinin icra başçısı həbs edilib. Bu əməliyyatları Dövlət Təhlükəsizliyi Xidməti aparıb.