Rusiya müxalifətinin əsas lideri sayılan Aleksey Navalnı avqustun 20-də ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Novator.az-ın məlumatına görə, Aleksey Navalnı Tomsk şəhərindən paytaxt Moskvaya uçurmuş. Təyyarə havada olarkən Aleksey Navalnı özünü pis hiss edib, Omsk şəhərində təcili eniş zərurəti yaranıb.
Siyasətçi Omskdakı 1 saylı Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, süni nəfəs aparatına qoşulub.
Onun zəhərləndiyi ehtimal olunur.
Aleksey Navalnı 1976-cı il iyunun 4-də Moskva vilayətində doğulub. Rusiya Xalqlar Dostluğu Universitetinin hüquq fakültəsini bitirib, Rusiya Hökuməti yanında Maliyyə Akademiyasında, ABŞ-ın Yel Universitetində də təhsil alıb.
2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Rusiya Birləşmiş Demokrat Partiyasının (“Yabloko”) müxtəlif strukturlarına rəhbərlik edib, korrupsiyaya qarşı mübarizə aparan Moskvalıları Müdafiə Komitəsinin rəhbərlərindən olub, “DA!” gənclər hərəkatının, “Xalq” hərəkatının yaradıcılarındandır.
Gələcək Rusiya Partiyasının sədridir.
Dövlət başçısı Vladimir Putinin ən sərt əleyhdarı kimi ad çıxaran Aleksey Navalnı 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilib. Dəfələrlə inzibati həbs cəzası alıb.