Avqustun 19-u Bakının Nizami Rayon Məhkəməsində məhbus siyasətçi Tofiq Yaqublunun cinayət işi üzrə növbəti proses keçirilib.
Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü olan Tofiq Yaqublu bu il martın 22-də tutulub. O, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıqda təqsirli bilinir. Bu ittiham iki ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Rəsmi ittihama əsasən, Tofiq Yaqublu martın 22-də idarə etdiyi avtomobillə Bakının Nizami rayonunda qaydaları pozub, Elxan Cəbrayılovun idarə etdiyi avtomobillə toqquşub.
Tofiq Yaqublunun mübahisə zəminində Elxan Cəbrayılovu yumruqla və vintaçan alətlə zərbələr vurub xəsarətlər yetirdiyi, onun avtomobildə olan yoldaşı Cəvahir Cəbrayılovanı əli ilə itələyib xəsarət yetirdiyi bəyan olunub, martın 23-də Nizami Rayon Məhkəməsi Tofiq Yaqublu barəsində həbs qətimkan tədbiri seçib.
Tofiq Yaqublu Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında saxlanır.
İbtidai istintaqı Nizami Rayon Polis İdarəsinin müstəntiqi Ramil Əliyev aparıb.
Azadliq.org-un məlumatına görə, Nizami Rayon Məhkəməsində keçirilən 19 avqust iclasında 24-cü polis bölməsinin əməliyyat müvəkkili Elxan Cəfərov dindirilib. O, ibtidai istintaqa verdiyi, Tofiq Yaqublunun əleyhinə olan ifadəsini təsdiq etdiyini deyib, ancaq iki ifadə arasında ziddiyyətlər üzə çıxıb.
Tofiq Yaqublunun vəkilləri vəsatətlə çıxış edib bildiriblər ki, iş materiallarına onlardan xəbərsiz yeni sənədlər əlavə olunub, bəzi sənədlər isə işlə tanışlıq mərhələsində vəkillərə təqdim edilmiş sənədlərdən fərqlənir, buna görə materiallar təftiş edilməlidir. Hakim vəsatəti baxılmamış saxlayıb.
Vəkillər şahid Elxan Cəfərovun qəza günü hadisə yerində olub-olmamasını müəyyən etmək üçün onun mobil telefonunun anten məlumatlarını almaq məqsədilə mobil operatora sorğu göndərilməsini xahiş ediblər, həmçinin ibtidai istintaqı aparan müstəntiq Ramil Əliyevin prosesə məhkəməyə çağırılmasını istəyiblər. Bu vəsatətlər də baxılmamış qalıb.
Tofiq Yaqublu yenə həbsə gedir
Tofiq Yaqublunun məhkəməsi qapalı keçiriləcək
Ev dustaqlığına da yox deyildi
Tofiq Yaqublu nədən narazıdır?
Məhkəmənin Tofiq qərarı dəyişməz qaldı
Həbsin uzadılması: şikayət təmin olunmadı
Tofiq Yaqublu məhkəməni səbirsizliklə gözləyir
Tofiqin mühakiməsi “yox”larla başladı
Tofiq Yaqublu: “Mən əsir götürülmüş şəxsəm”