AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin oğlu Mehdi İbrahimov barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.
“Turan”ın məlumatına görə, qərarı avqustun 19-da müdafiə tərəfinin vəsatəti əsasında Xətai Rayon Məhkəməsi çıxarıb. Həmin gün Mehdi İbrahimov Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsindən evə buraxılıb.
İyulda Xətai Rayon Məhkəməsi Mehdi İbrahimov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçmiş və o, İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə yerləşdirilmişdi.
Yaxınları istintaqın gedişindən narazı olan və həbsini ədalətsiz sayan Mehdi İbrahimovun avqustun 10-dan aclıq aksiyası keçirdiyini bildirirdi.
Novator.az xatırladır ki, iyulun 14-ü axşamdan iyulun 15-nə keçən gecəyədək Bakıda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Bir qrup şəxs Milli Məclisin binasına girəndən sonra polis aksiyanı dağıdıb, toqquşma yaranıb.
Baş Prokurorluqla Daxili İşlər Nazirliyinin birgə məlumatında qeyd olunub ki, 7 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 xidməti avtomobil aşırılaraq yararsız hala salınıb, daha 14 xidməti avtomobilə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulub.
Milli Məclisin birinci mərtəbəsində bir sıra dağıntılar törədildiyi, mülkiyyətə və inventara ziyan dəydiyi də bəyan olunub.
14-15 iyul aksiyasına Mehdi İbrahimov da qoşulub. Atası Məmməd İbrahimin sözlərinə görə, Mehdi aksiyanın sonunda aranın qarışdığını görüb evə qayıtmaq istəyib, lakin yolda saxlanaraq Xətai Rayon Polis İdarəsinin 37-ci şöbəsinə aparılıb.
İyulun 22-də Mehdi İbrahimova Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işi qaldırılıb. Bu maddəyə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda 2500 manatdan 5000 manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Mehdi İbrahimovun koronavirus xəstəsi ola-ola evdən çıxdığı iddia olunub.
Eyni ittihamla cəbhəçi Məhəmməd İmanlı da tutulub.
İyulun 26-sı Məmməd İbrahim də saxlanıb. Nəsimi Rayon Məhkəməsi iyulun 28-də Baş Prokurorluğun İstintaq İdarəsinin təqdimatına baxaraq Məmməd İbrahim barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Həbs 14-15 iyul aksiyası ilə bağlıdır. Bu aksiya üzrə cinayət işini Baş Prokurorluğun İstintaq İdarəsi aparır. Barəsində həbs qətimkan tədbiri seçilənlərin daha 13 nəfəri AXCP üzvüdür: Asif Yusifli, Seymur Əhmədov, Bəxtiyar İmanov, Ramid Nağıyev, İsmayıl Həsənov, Ayaz Məhərrəmli, Baba Süleyman, Ceyhun Novruzov, Məhəbbət Nağıyev, Telman Seyfullayev, Fuad Qəhrəmanlı, Elnur Cabbarlı, Müşfiq Quliyev.
Onlar zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmədə; ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmədə; hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunurlar.
AXCP fəalı Elvin Məmmədov da həmin ittihamlarla cinayət məsuliyyətinə alınaraq polisin nəzarətinə verilib.
Fuad Qəhrəmanlıya və Məmməd İbrahimə həmçinin hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər ittihamı irəli sürülüb.