2020-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 20,5 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Energetika Nazirliyinin rəsmi hesabatına görə, hasilat 2019-cu ilin yeddi ayı ilə müqayisədə təxminən 1,4 milyon ton azalıb.
Yeddi ayda 16,9 milyon ton neftin (kondensatla birlikdə) ixrac olunduğu bildirilir: bu, 2019-cu ilin yanvar-iyul aylarına nəzərən 7,6 faiz aşağı göstəricidir.
Avqustun 18-də “AzəriLayt” markalı Azərbaycan neftinin barrelinə 45,23 dollar qiymət qoyulub.
2020-ci ilin yenilənən dövlət büdcəsində bir barrel neftin qiyməti 35 dollardır.
Bu il neft koronavirus pandemiyası fonunda kəskin ucuzlaşıb. Aprelin 12-də iri neft ixracatçıları – OPEK ölkələri (Anqola, Birləşmiş Ərəb Əmirlikləri, Ekvador, Ekvatorial Qvineya, Əlcəzair, İraq, İran, Konqo, Küveyt, Qabon, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Venesuela) və 10 qeyri-OPEK ölkəsi (Azərbaycan, Bəhreyn, Bruney, Cənubi Sudan, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan) gündəlik hasilatı mərhələlərlə azaltmaq razılığına gəliblər.
“AzəriLayt” yanvara 70,04, fevrala 62,15, marta 53,77, aprelə 19,43, maya 22,92, iyuna 38,14, iyula 43,02, avqusta 44,36 dollarla başlayıb.
Xam neft hasilatı yanvarda 678 min barrel, fevralda 667,4 min barrel, martda 683,7 min barrel, apreldə 679,8 min barrel, mayda 557,2 min barrel, iyunda 553,8 min barrel, iyulda 554,1 min barrel həcmində rəsmiləşib.
Beynəlxalq razılaşmaya görə, avqustdan Azərbaycanın gündəlik xam neft hasilatı 587 min barrel olmalıdır.