Məhbus siyasətçi Tofiq Yaqublunun mühakiməsi avqustun 19-da davam edəcək.
Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü olan Tofiq Yaqublu bu il martın 22-də tutulub. O, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıqda təqsirli bilinir. Bu ittiham iki ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Rəsmi ittihama əsasən, Tofiq Yaqublu martın 22-də idarə etdiyi avtomobillə Bakının Nizami rayonunda qaydaları pozub, Elxan Cəbrayılovun idarə etdiyi avtomobillə toqquşub.
Tofiq Yaqublunun mübahisə zəminində Elxan Cəbrayılovu yumruqla və vintaçan alətlə zərbələr vurub xəsarətlər yetirdiyi, onun avtomobildə olan yoldaşı Cəvahir Cəbrayılovanı əli ilə itələyib xəsarət yetirdiyi bəyan olunub, martın 23-də Nizami Rayon Məhkəməsi Tofiq Yaqublu barəsində həbs qətimkan tədbiri seçib.
Tofiq Yaqublu Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında saxlanır.
İbtidai istintaqı Nizami Rayon Polis İdarəsinin müstəntiqi Ramil Əliyev aparıb.
Məhbus siyasətçiyə Elçin Sadıqovla Aqil Layıc vəkillik edirlər. Avqustun 5-i Nizami Rayon Məhkəməsində keçirilən iclasda vəsatət qaldıran vəkillər hadisə vaxtı çəkilmiş videonun iş materiallarına əlavə edilməsini, zərərçəkmiş Elxan və Cəvahir Cəbrayılovların martın 19-dan 24-nə qədər mobil telefon zəngləri və SMS-lərinin siyahısının alınmasını istəyiblər. Onlar bildirib ki, ittihamda Elxan Cəbrayılovun avtomobillə hərəkətdə olarkən Tofiq Yaqublunun maşını ilə toqquşduğu, bundan sonra aralarında insident yarandığı yazılıb, amma işə əlavə etmək istədikləri videoda Elxan Cəbrayılovun maşınının əvvəldən həmin ərazidə dayanıb gözlədiyi, işarədən sonra qəfildən Tofiq Yaqublunun dayanmış avtomobilinə tərəf hərəkət etdiyi görünür.
Vəkil Elçin Sadıqov həmçinin deyib ki, iş materiallarında hadisənin 15:25-də baş verdiyi yazılıb, Cəvahir Cəbrayılovanın Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə zəngi saat 15:21-də qeydə alınıb: “Adam əvvəlcədən necə bilə bilərdi ki, bir azdan kimsə onların maşınını vuracaq, özlərini döyəcək? Biz hesab edirik ki, bu hadisə əvvəlcədən quraşdırılıb, Cəbrayılovlar da məqsədli şəkildə orada gözləyib. Əlimizdəki görüntü də bunu sübut edir. Buyursun, ittiham tərəfi həmin şəxslərin təxribatçı olmadığını sübut eləsin. Zənglərin, SMS-lərin siyahısını alın, görək bu adamlar həmin ərəfədə kimlərlə danışıb”.
Vəsatətlər təmin edilməyib.
Həmin iclasda Tofiq Yaqublu telefonuna baxış keçirilməsini istəyib: “Qanunsuz olaraq, cinayətkarcasına həyat yoldaşımın əlindən zorla alınmış telefonuma niyə baxış keçirilmir? Orada səs yazıları, videolar var”.
Azadliq.org-un məlumatına görə, avqustun 14-ü Bakının Nizami Rayon Məhkəməsində keçirilən prosesdə Tofiq Yaqublu hakim Nəriman Mehdiyevə irad bildirib: “Niyə yaxınlarımı məhkəmə zalına buraxmırsınız? Niyə jurnalistlərə prosesi izləməyə imkan vermirsiniz? İstəmirsiz burada hansı hoqqalardan çıxdığınızı görsünlər”.
Hakim koronavirus pandemiyası ilə məhdudiyyət tətbiq edən qərarları əsas gətirib: “Məhkəmə iclasında 10 nəfərdən çox adam ola bilməz. Həm də məhkəmə zalında qaydaları hakim müəyyənləşdirir”.
Tofiq Yaqublu hakimə belə cavab verib: “Hakim müəyyənləşdirir, siz yox. Nə vaxt hakim olarsız, onda danışarsız. Siz hakim deyilsiz. Siz də Cəbrayılovların bir tayısız. Deyirəm anten məlumatlarını al, bunları ifşa edək. Niyə eləmirsən? Gözləyirsən müddət keçsin”.
Prosesdə ifadə verən vətəndaş Arzu Babayeva Tofiq Yaqublunun Elxan Cəbrayılova hücum edərək onu vurduğuna, təhqir etdiyinə, Cəvahir Cəbrayılovaya xəsarət yetirdiyinə şahid olduğunu iddia edib.
Tofiq Yaqublu şahidin yalan danışdığını deyib: “Mən maşından düşməmişəm. Dayandığım yerdə maşının qəsdən vurulması və hücumdan başa düşdüm ki, təxribatdır. 12 dəqiqə, polis gələnə qədər maşından düşmədim”.
1961-ci il təvəllüdlü Tofiq Yaqublu Moskva Kooperasiya Universitetini bitirib. Milli azadlıq hərəkatının fəalı, Qarabağ müharibəsi veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. 2010-2018-ci illərdə partiya başqanının müavini postunu tutub.
Tofiq Yaqublu 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutularaq 5 il azadlıqdan məhrumetmə cəzası alıb, 2016-cı il martın 17-də əfv sərəncamı əsasında azadlığa çıxıb.
Tofiq Yaqublunun qızı, müsavatçı Nigar Həzi 2012-2013-cü illərdə həbsdə olub. Nigar jurnalist, AXCP sədrinin müavini Seymur Həzinin həyat yoldaşıdır. Onlar 2016-cı ilin avqustunda, Seymur həbsdə olarkən ailə qurublar. Seymur Həzi 2014-cü il avqustun 29-da tutulub, 5 il müddətinə azadlıqdan məhrum edilib, 2019-cu il avqustun 29-da həbs cəzasını başa vuraraq azadlığa buraxılıb.
Tofiq Yaqublunun digər qızı Nərgiz Yaqublu da müsavatçı olub. O, 2015-ci ilin aprel ayında, atası həbsdə olan vaxt vəfat edib.
Tofiq Yaqublu yenə həbsə gedir
Tofiq Yaqublunun məhkəməsi qapalı keçiriləcək
Ev dustaqlığına da yox deyildi
Tofiq Yaqublu nədən narazıdır?
Məhkəmənin Tofiq qərarı dəyişməz qaldı
Həbsin uzadılması: şikayət təmin olunmadı
Tofiq Yaqublu məhkəməni səbirsizliklə gözləyir
Tofiqin mühakiməsi “yox”larla başladı