Ombudsman yanında Milli Preventiv Qrupun üzvləri Bakı İstintaq Təcridxanasına və Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə baş çəkiblər.
“Turan”ın 14 avqust məlumatına görə, Bakı İstintaq Təcridxanasında məhbuslar Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Asif Yusifli, Bəxtiyar İmanov, Ayaz Məhərrəmov, Telman Seyfullayev, Seymur Əhmədov, İsmayıl Həsənov, Ceyhun Novruzov, Məhəbbət Nağıyev (hamısı AXCP üzvüdür) və Fərid Abadov, paytaxtın Binə qəsəbəsində yerləşən İxtisaslaşdırılmış Müalicə Müəssisəsində Mehdi İbrahimov (AXCP üzvü Məmməd İbrahimin oğlu), ictimai fəallar Nicat İbrahim, Nicat Əlizadə, Vüqar Vəliyev və AXCP üzvü Məhəmməd İmanlı ilə görüş olub.
Görüşlər məxfi xarakter daşıyıb. Mehdi İbrahimov istintaqın gedişindən narazılığını bildirərək qida qəbulundan imtina edəcəyini vurğulayıb, həmçinin səhhətindən gileylənib.
Novator.az-ın məlumatına görə, avqustun 14-də məhbusun qardaşı Toğrul İbrahim “Facebook”da yazıb ki, Mehdi 3 həftədən artıqdır vəkili və yaxınları ilə görüşə bilmir: “Tutulandan bəri cəmi bircə dəfə anamla 1 dəqiqədən də az müddətə telefon əlaqəsi saxlayıb. 5 gündür bu ədalətsizliyə, haqsız həbsinə etiraz olaraq aclıq aksiyası keçirir. Onu tələbi bəllidir. Vəkili ilə görüşmək istəyir”.
İyulun 14-ü axşamdan iyulun 15-nə keçən gecəyədək Bakıda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Bir qrup şəxs Milli Məclisin binasına girəndən sonra polis aksiyanı dağıdıb, toqquşma yaranıb.
Baş Prokurorluqla Daxili İşlər Nazirliyinin birgə məlumatında qeyd olunub ki, 7 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 xidməti avtomobil aşırılaraq yararsız hala salınıb, daha 14 xidməti avtomobilə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulub.
Milli Məclisin birinci mərtəbəsində bir sıra dağıntılar törədildiyi, mülkiyyətə və inventara ziyan dəydiyi də bəyan olunub.
14-15 iyul aksiyasına AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin oğlu Mehdi İbrahimov da qoşulub. Atasının sözlərinə görə, Mehdi aksiyanın sonunda aranın qarışdığını görüb evə qayıtmaq istəyib, lakin yolda saxlanaraq Xətai Rayon Polis İdarəsinin 37-ci şöbəsinə aparılıb.
İyulun 22-də Mehdi İbrahimova Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işi qaldırılıb. Bu maddəyə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda 2500 manatdan 5000 manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Mehdi İbrahimovun koronavirus xəstəsi ola-ola evdən çıxdığı iddia olunub.
Xətai Rayon Məhkəməsi Mehdi İbrahimov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib və o, İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə yerləşdirilib.
Cəbhəçi Məhəmməd İmanlı da eyni ittihamla tutulub.
İyulun 26-sı Məmməd İbrahim də saxlanıb. Nəsimi Rayon Məhkəməsi iyulun 28-də Baş Prokurorluğun İstintaq İdarəsinin təqdimatına baxaraq Məmməd İbrahim barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Həbs 14-15 iyul aksiyası ilə bağlıdır. Bu aksiya üzrə cinayət işini Baş Prokurorluğun İstintaq İdarəsi aparır. Barəsində həbs qətimkan tədbiri seçilənlərin daha 13 nəfəri AXCP üzvüdür: Asif Yusifli, Seymur Əhmədov, Bəxtiyar İmanov, Ramid Nağıyev, İsmayıl Həsənov, Ayaz Məhərrəmli, Baba Süleyman, Ceyhun Novruzov, Məhəbbət Nağıyev, Telman Seyfullayev, Fuad Qəhrəmanlı, Elnur Cabbarlı, Müşfiq Quliyev.
Onlar zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmədə; ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmədə; hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunurlar.
AXCP fəalı Elvin Məmmədov da həmin ittihamlarla cinayət məsuliyyətinə alınaraq polisin nəzarətinə verilib.
Fuad Qəhrəmanlıya və Məmməd İbrahimə həmçinin hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər ittihamı irəli sürülüb.