Novator.az hüquqşünas, dövlət xadimi, alim, diplomat Eldar Həsənovun bioqrafiyasını təqdim edir.
Eldar Hümbət oğlu Həsənov 1955-ci il oktyabrın 10-da Kəlbəcərin Laçın kəndində doğulub, orada orta təhsil alıb.
1977-ci ildə Bakıda indiki Azərbaycan Texniki Universitetini elektronika mühəndisi ixtisası, 1983-cü ildə Moskvada SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasını hüquqşünas ixtisası ilə bitirib.
Eldar Həsənov 1977-ci ildən Azərbaycanın Daxili İşlər Nazirliyi sistemində çalışıb, müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini, rəisi postlarını tutub, Bakının Nizami rayonunun, Gəncə şəhərinin milis rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini olub.
1993-1995-ci illərdə baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə baş prokuror vəzifəsində xidmət edib. Ədliyyə general-leytenantıdır.
2001-ci il martın 28-dən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu il sentyabrın 14-dən ölkəni həmçinin Serbiyada, 2010-cu il iyulun 28-dən eyni zamanda Monteneqroda, həmin il avqustun 31-dən həmçinin Bosniya və Herseqovinada təmsil edib. 2013-cü il martın 28-də onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.
Hüquq elmləri doktoru, professordur. Gəncə Pedaqoji Universitetinin müəllimi, Azərbaycan Pedaqoji Universitetinin dosenti, Narkotizm, Alkoqolizm və Digər Asılılıqlar üzrə Beynəlxalq Şuranın və BMT proqramlarının Türkiyə və MDB ölkələri üzrə əlaqələndiricisi olub.
Mütəşəkkil cinayətkarlıq, xüsusilə terrorizm və narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair və digər mövzularda Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Almaniya, Rumıniya, Makedoniya, Ukrayna, Serbiya, Monteneqroda nəşr olunmuş kitabların, dərslik və dərs vəsaitlərinin, elmi və publisistik əsərlərin müəllifidir.
Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının (London), İnsan Hüquqları və Demokratiya üzrə Avropa Hüquqşünaslar Assosiasiyasının (Drezden), Beynəlxalq Kriminologiya Cəmiyyətinin (Paris) və bir çox başqa beynəlxalq təşkilatın üzvüdür.
Davamlı Sülh və İnkişaf Naminə Beynəlxalq Fond (Sofiya), Beynəlxalq Hüquqşünaslar İttifaqı (Moskva), Cənub-Şərqi Avropada Əməkdaşlıq Təşəbbüsü Təşkilatı və başqa beynəlxalq qurumlarda rəhbər vəzifələr tutur.
Rumıniyanın Ovidius, Babeş-Bolyay və Andrey Şaquna universitetlərinin fəxri doktorudur, Serbiya Kral Akademiyasında təmsil olunur.
Eldar Həsənov ailəlidir, iki qızı, bir oğlu, altı nəvəsi var.
2020-ci il iyulun 3-dən Xarici İşlər Nazirliyində istintaq-əməliyyat tədbirləri aparan Dövlət Təhlükəsizliyi Xidməti İşlər İdarəsinin müdiri, nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə, İşlər İdarəsinin təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə, Konsulluq İdarəsinin konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev, Konsulluq İdarəsinin rəisi Faiq Bağırovu həbs edib.
İyulun 16-da prezident İlham Əliyev 2004-cü il aprelin 2-dən xarici işlər naziri olan Elmar Məmmədyarovu vəzifədən azad edib, Ceyhun Bayramov xarici işlər naziri təyin olunub.
Avqustun 13-də açıqlama yayan Dövlət Təhlükəsizliyi Xidməti bildirib ki, Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə maliyyə yoxlamaları zəminində Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov şübhəli şəxs qismində tutulub.
Avqustun 14-də Səbail Rayon Məhkəməsi Eldar Həsənov barəsində həbs qətimkan tədbiri seçib. Ona Cinayət Məcəlləsinin 308.2 və 308-1.1-ci maddələri ilə ittiham irəli sürülüb.
308.2-ci maddəyə görə, vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
308-1.1-ci maddəyə əsasən, dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə xeyli miqdarda (50 min manatdan 250 min manatadək) törədildikdə 9 min manatdan 13 min manatadək miqdarda cərimə edilməklə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası verilir.
Avqustun 17-də prezident İlham Əliyev Eldar Həsənovu Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri vəzifəsindən azad edib.