Belarus prezidentliyinə namizəd Svetlana Tixanovskaya avqustun 14-ü Youtube.com-da yeni müraciət yayıb. Novator.az-ın məlumatına görə, o, Belarus xalqının köhnə hakimiyyətə qarşı mübarizəyə qalxaraq tarix yazdığını vurğulayıb, ictimaiyyəti avqustun 9-da keçirilmiş prezident seçkisinin gerçək nəticələrinin rəsmiləşməsi üçün dinc aksiyaları davam etdirməyə çağırıb.
Belarusun Mərkəzi Seçki Komissiyası 5 nəfərin yarışdığı 9 avqust seçkisində prezident Aleksandr Lukaşenkonu 80,1 faiz səslə qalib elan edib.
Dövlət başçısının ən yaxın izləyicisi – müxalifətin əsas namizədi sayılan pedaqoq Svetlana Tixanovskayanın 10,1 faiz səs yığdığı bəyan olunub.
İctimaiyyət seçkinin saxtalaşdırıldığını bildirir. Avqustun 9-u axşamdan paytaxt Minskdə və ölkənin bir çox iri şəhərində etiraz aksiyaları keçirilir, hüquq mühafizə orqanlarının əməkdaşları ilə toqquşmalar yaranır. Bir nəfərin öldüyü bilinir. Çoxlu xəsarət alan, tutulan var.
Svetlana Tixanovskaya seçkinin nəticələrini tanımaqdan imtina edib, özünün prezident seçildiyini bildirərək hakimiyyətin ona təhvil verilməsinə çağırıb.
Avqustun 11-də yayılan xəbərə görə, Svetlana Tixanovskaya hakimiyyətin təzyiqi ilə ölkəni tərk edərək qonşu Litvaya sığınıb.
1982-ci il təvəllüdlü Svetlana Tixanovskaya Mozır Dövlət Pedaqoji Universitetini ingilis və alman dilləri müəllimi ixtisası ilə bitirib, müxtəlif qeyri-hökumət təşkilatlarında tərcüməçilik fəaliyyəti ilə məşğul olub. Onun həyat yoldaşı, müxalif bloqçu Sergey Tixanovski həbsdədir.
1954-cü ildə doğulan Aleksandr Lukaşenko prezident kürsüsünü 1994-cü ildən tutur. İlk dəfə 5 il müddətinə seçilən Aleksandr Lukaşenko 1996-cı il referendumu ilə səlahiyyət müddətini 2001-ci ilədək uzadıb. 2001-ci ildə o, ikinci dəfə prezident kürsüsünə yiyələnib. 2004-cü il referendumunda bir nəfərin iki dəfədən çox prezident seçilməsinə məhdudiyyət götürülüb və Aleksandr Lukaşenko 2006, 2010 və 2015-ci illərin seçkilərinə də qatılaraq dövlət başçısı postunu əlində saxlayıb.