Məhbus siyasətçi Tofiq Yaqublunun mühakiməsi davam edir.
Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü olan Tofiq Yaqublu martın 22-də tutulub. Paytaxtın Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında saxlanan siyasətçi silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıqda təqsirli bilinir. Bu ittiham 2 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Rəsmi açıqlamaya əsasən, Tofiq Yaqublu martın 22-də idarə etdiyi avtomobillə Bakının Nizami rayonunda, 8-ci kilometr bazarının yaxınlığında qaydaları pozub, Cəbrayılov Elxan Səttar oğlunun idarə etdiyi avtomobillə toqquşub.
Tofiq Yaqublunun mübahisə zəminində Elxan Cəbrayılovu yumruqla və vintaçan alətlə zərbələr vurub xəsarətlər yetirdiyi, onun avtomobildə olan yoldaşı Cəvahir Cəbrayılovanı əli ilə itələyib xəsarət yetirdiyi bəyan olunub.
İbtidai istintaqı Nizami Rayon Polis İdarəsi aparıb, işə Nizami Rayon Məhkəməsi baxır.
Azadliq.org-un məlumatına görə, avqustun 12-də Cəvahir Cəbrayılova Tofiq Yaqublunun vəkilləri Elçin Sadıqovla Aqil Layıcın suallarını cavablandıran zaman onun istintaqda və məhkəmədə verdiyi ifadələrlə ziddiyyət yaranıb. O, vəkillərin suallarını cavablandırmaqdan imtina etdiyini deyib, qışqırıb, qarşısındakı masanı döyəcləməyə başlayıb.
Tofiq Yaqublunun vəkilləri Cəvahir Cəbrayılovanın məhkəməyə hörmətsizlik etdiyini deyərək hakimi onun haqqında akt tərtib edib Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərməyə çağırıblar, amma vəsatət təmin olunmayıb.
Prosesdə üç şahid – Nizami Rayon Polis İdarəsinin 24-cü bölməsinin əməkdaşı və iki mülki şəxs dindirilib. Tofiq Yaqublu dindirmədən əvvəl hər bir şahidi yalan danışmamağa çağırıb, sərt ifadələr işlədib. Hakim Nəriman Mehdiyev Tofiq Yaqubluya xəbərdarlıq edib, bunu şahidləri təhdidi və təhqiri kimi qiymətləndirib.
Tofiq Yaqublu heç kimi təhqir etmədiyini vurğulayaraq deyib: “Qanun işləmirsə, neyləməliyəm? Mənəviyyatsız, yalan danışan adamlarla necə davranmalıyam?”
8-ci kilometr bazarının yaxınlığında yaşadığını deyən şahid Cahid İmaməliyev iddia edib ki, hadisə yerindən təxminən 100 metr aralıda olub, səs-küy eşidib, 5-6 saniyəyə ora çatıb, Tofiq Yaqublunun təhqiramiz ifadələr işlətdiyini eşidib.
Tofiq Yaqublu şahidin yalan danışdığını bildirib. Vəkillər də vurğulayıb ki, idmançı olmayan birinin 5-6 saniyəyə 100 metr məsafə qət etməsi mümkün deyil, şahid doğru danışmır.
Şahid məhkəmə zalından çıxanda Tofiq Yaqubluya “Allah qapını açsın” deyib.
Tofiq Yaqublu şahidə belə cavab verib: “Gəlib burada yalan danışıb qapını bağlayırsan, sonra da deyirsən Allah qapını açsın”.
1961-ci il təvəllüdlü Tofiq Yaqublu Moskva Kooperasiya Universitetini bitirib. Milli azadlıq hərəkatının fəalı, Qarabağ müharibəsi veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. 2010-2018-ci illərdə partiya başqanının müavini postunu tutub.
Tofiq Yaqublu 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutularaq 5 il azadlıqdan məhrumetmə cəzası alıb, 2016-cı il martın 17-də əfv sərəncamı əsasında azadlığa çıxıb.
Tofiq Yaqublu yenə həbsə gedir
Tofiq Yaqublunun məhkəməsi qapalı keçiriləcək
Ev dustaqlığına da yox deyildi
Tofiq Yaqublu nədən narazıdır?
Məhkəmənin Tofiq qərarı dəyişməz qaldı
Həbsin uzadılması: şikayət təmin olunmadı
Tofiq Yaqublu məhkəməni səbirsizliklə gözləyir
Tofiqin mühakiməsi “yox”larla başladı