Təhsil İnstitutu koronavirus şəraitində təhsil müəssisələrinin fəaliyyətinin təşkil ilə bağlı təklif və tövsiyələrini açıqlayıb.
2020-ci il martın 3-dən ölkənin bütün təhsil ocaqları koronavirus pandemiyası üzündən qapadılıb. Yalnız imtahan, müsabiqə, müsahibələr mümkündür.
Novator.az-ın məlumatına görə, Təhsil İnstitutu növbəti tədris ili ilə bağlı iki ssenari təklif edir.
1-ci ssenari tədrisin məsafədən təşkilini nəzərdə tutur: təhsil müəssisələrinin fəaliyyəti ənənəvi qaydada bərpa olunmur, 2020-ci ilin mart-iyun aylarında tətbiq edilən onlayn tədris həyata keçirilir.
2-ci ssenaridə tədrisin qarışıq (onlayn və sinif otağında) modelinin tətbiqi yer alır: məktəblər xüsusi şərtlər və fərqli yanaşma tətbiq edilməklə mərhələli şəkildə açılır, məzmunun bir hissəsi məsafədən tədris olunur. Bu ssenaridə məktəb günlərinin sayının, dərs saatlarının miqdarının və sinif sıxlığının azaldılması kimi tədbirlərin nəzərdən keçirilməsi vurğulanır.
Uşaq bağçalarının fəaliyyətinin yalnız yoluxmanın minimum olduğu zonalarda bərpası məqsədəuyğun sayılır.
Ümumi təhsil müəssisələrində tədrisin ənənəvi qaydada (tədris planlarına) uyğun təşkili mümkün hesab edilmir.
Peşə təhsilində qarışıq sistem, ali və orta ixtisas təhsilində distant forma təklif olunur.
Təhsil Institutu təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etməklə fasiləsiz fundamental və tətbiqi tədqiqatlar həyata keçirən, təhsilin bütün pillələri üçün məzmun hazırlayan, təhsil sistemində tədris-metodiki ehtiyacların müəyyənləşdirilməsi və ödənməsi sahəsini, təhsil innovasiyalarının tədqiqi, yaradılması və tətbiqi ilə bağlı nəzəri, praktiki məsələləri araşdıran elmi-tədqiqat müəssisəsidir.