Noyabrın 3-ü ABŞ-da keçiriləcək prezident seçkisinin əsas namizədləri Respublikaçılar Partiyasından indiki dövlət başçısı Donald Tramp və Demokratlar Partiyasından sabiq vitse-prezident Cozef Baydendir.
ABŞ-da prezidenti ştatların seçki günü müəyyənləşdirdiyi xüsusi nümayəndələrdən ibarət Seçicilər Kollegiyası seçir. Hər ştatın ABŞ Konqresində təmsilçilərinin sayı qədər nümayəndə seçmək hüququ var.
Ştatların neçə nümayəndə seçməsi onların əhalisinin sayına bağlıdır.
Novator.az bildirir ki, prezident seçilmək üçün 538 nümayəndədən 270-nin səsini qazanmaq lazımdır. Prezidentliyə namizədlərin heç biri bu qədər səs qazanmasa, dövlət başçısını Konqresin alt qanadı olan Nümayəndələr Palatası seçir.
Böyük Britaniyada çıxan “Financial Times” qəzeti “Real Clear Politics” təşkilatının apardığı sorğuya istinadla bildirir ki, prezident seçkisi indi keçirilsə, Cozef Bayden Seçicilər Kollegiyasına 298 nümayəndə qazanmaqla yarışı udar. Ümumilikdə 194 nümayəndəsi olan ştatlarda Cozef Bayden aşkar üstündür, üst-üstə 104 nümayəndəsi olan ştatlarda qələbəyə yaxındır.
Sorğuya əsasən, Donald Trampın Seçicilər Kollegiyasına 119 nümayəndə keçirmək imkanı var. O, üst-üstə 80 nümayəndəsi olan ştatlarda liderdir, ümumilikdə 39 nümayəndəsi olan ştatlarda şanslıdır.
Ümumilikdə 121 nümayəndəsi olan ştatlarda seçicilər iki namizəd arasında tərəddüd edir.
18-ci əsrin 70-ci illərində yaradılan ABŞ 50 ştat və 1 federal dairədən ibarətdir.
Donald Tramp 1946-cı ildə doğulub. 1968-ci ildə Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbini bitirib.
Uzun illər tikinti biznesi ilə məşğul olan Donald Tramp 1999-cu ildə Respublikaçılar Partiyasına qoşulub.
2016-cı il noyabrın 8-də keçirilmiş prezident seçkisində Respublikaçılar Partiyasının namizədi olmuş Donald Tramp Demokratlar Partiyasından Hillari Klintonu məğlub edib. O, 538 nəfərlik Seçicilər Kollegiyasına 306, Hillari Klinton isə 232 nümayəndə qazanıb.
Seçicilər Kollegiyası 2016-cı il dekabrın 19-da prezident seçkisi ilə bağlı yekun qərarını verib. Səsvermədə 304 nəfər Donald Trampı, 227 nəfər Hillari Klintonu dəstəkləyib. Seçicilər Kollegiyasındakı səsvermənin nəticəsi Konqresin 2017-ci il yanvarın 6-da keçirilən iclasında təsdiqlənib, yanvarın 20-də Donald Tramp səlahiyyətlərinin icrasına başlayıb.
Cozef Bayden 1942-ci ildə doğulub.
1965-ci ildə Delaver Universitetini tarixçi və politoloq ixtisasları ilə, 1968-ci ildə Sirakus Universitetinin Hüquq Məktəbini bitirib.
1972, 1978, 1984, 1990, 1996, 2002 və 2008-ci illərdə ABŞ Konqresinin yuxarı palatası olan Senatın üzvü seçilib.
1987-1995-ci illərdə Senatın Məhkəmə Komitəsinə, 2001-2003 və 2007-2009-cu illərdə Xarici Əlaqələr Komitəsinə sədrlik edib.
2009-2017-ci illərdə – Barak Obamanın prezidentliyi dövründə vitse-prezident postunu tutub.
İlkin Nizami