Prezidentin mətbuat xidmətinin məlumatına görə, avqustun 12-də dövlət başçısı İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə zəng edib: “O, iyulun 12-16-da Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində törədilən təxribatdan söz açıb, Ermənistanın təcavüz aktı nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki şəxsin həlak olduğunu vurğulayıb, kəndlərin və yaşayış məntəqələrinin artilleriya atəşinə tutulması nəticəsində bir çox evin dağıldığını və yararsız hala düşdüyünü bildirib.
İlham Əliyev həmçinin Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra – iyulun 17-dən bəri Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu diqqətə çatdırıb. O, hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İranın hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb”.
İyulun 12-dən Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu sahəsində gedən döyüşlərdə Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovniki İlqar Mirzəyev, mayorları Namiq Əhmədov, Anar Novruzov, baş leytenantı Rəşad Mahmudov, gizirləri İlqar Zeynallı, Yaşar Babayev, çavuşu Vüqar Sadıqov, baş əsgəri Elşad Məmmədov, əsgərləri Xəyyam Daşdəmirov, Elçin Mustafazadə, Nazim İsmayılov və mülki şəxs Əziz Əzizov şəhid olublar.
1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ vilayətində bölgənin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat başlanıb və açıq hərbi təcavüzə çevrilib.
1991-ci ildə Dağlıq Qarabağ erməniləri bölgəni “müstəqil dövlət” elan edib, müharibə alovlanıb.
1994-cü ildə atəşkəslə dayanan işğalçı müharibədə Ermənistan Dağlıq Qarabağ bölgəsini (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları, keçmiş Ağdərə rayonu) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) işğal edib.
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə ATƏT-in Minsk qrupu vasitəçilik edir. Qrupun 11 üzvü var: Rusiya, Fransa, ABŞ (həmsədrlər), Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.
Novator.az bildirir ki, Ermənistanın əsas hərbi müttəfiqi Rusiyadır. Ermənistanın Gümrü şəhərində Rusiya Silahlı Qüvvələrinin 102-ci hərbi bazası var. 4 min nəfərə yaxın şəxsi heyəti olan hərbi bazanın hava komponenti paytaxt Yerevanda, Erebuni aerodromunda yerləşir.
2016-cı ildə Rusiya və Ermənistanın müdafiə nazirləri iki ölkənin birləşmiş qoşun qrupunu yaratmaq barədə saziş imzalayıblar. Sazişə əsasən, birgə qrupa Ermənistandakı 102-ci Rusiya hərbi bazası və Ermənistan Silahlı Qüvvələrinin hərbi hissəsi daxil olub.
Birləşmiş qoşun qrupunun komandanı ermənidir: general-mayor Tiqran Parvanyan.
Ermənistan həmçinin hərbi-siyasi ittifaqın – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Bu quruma Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan da daxildir.