Qaradağ Rayon Məhkəməsi avqustun 12-də AXCP üzvü Orxan Baxışlının vaxtından əvvəl azadlığa buraxılması barədə müraciətini təmin etməyib. Xəbəri yayan “Turan” bildirir ki, məhkəmə imtinanı Bakıdakı 14 saylı Cəzaçəkmə Müəssisəsinin məhbusa mənfi xasiyyətnamə verməsi ilə əsaslandırıb. Xasiyyətnamədə Orxan Baxışlının törətdiyi cinayətə görə peşman olmadığı, müəssisənin əməkdaşları və məhkumlarla səmimi davranmadığı qeyd olunub.
Orxan Baxışlı 2018-ci il mayın 6-dan həbsdədir. Həbsindən əvvəl – mayın 3-də o, 2005-ci ildə öldürülən jurnalist Elmar Hüseynovun Qurd qapısı qəbiristanlığındakı məzarı üstündə çıxış edib. Beynəlxalq Söz və Mətbuat Azadlığı Gününə həsr olunmuş ziyarətdə gənc fəal Elmar Hüseynovun qətlində hakimiyyəti günahlandırıb. AXCP fəalları Orxan Baxışlının həbsini bu çıxışla bağlayırlar. Hüquq mühafizə orqanları isə gənc fəalın üstündən 6 qram heroin çıxdığını bəyan edib.
2018-ci il sentyabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsi Orxan Baxışlını satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma və ya saxlamada təqsirli bilərək 6 il müddətinə azadlıqdan məhrum edib.
2019-cu il iyunun 4-də Ali Məhkəmə ittihamı satış məqsədi olmadan narkotik maddənin qanunsuz əldə edilməsi, saxlanması, daşınması ilə əvəz edib və Orxan Baxışlının cəzası 3 illik həbsə endirilib.
Orxan Baxışlı Qaradağ Rayon Məhkəməsinə cəzasının üçdə ikisini çəkdiyi arqumenti ilə müraciət edib azadlığa buraxılmasını istəmişdi.
Novator.az bildirir ki, Cinayət Məcəlləsinin 76-cı maddəsinə görə, məhkəmə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər.
Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə məhkum böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını; ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini; xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilir.