Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri, dövlət başçısının köməkçisi Hikmət Hacıyev Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyasını şərh edib.
Sənəddə Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycan torpaqlarında yaradılan işğalçı rejimlə bağlı məqamların yer aldığını vurğulayan şöbə müdiri yazır: “Strategiyada münaqişə haqda fakt və arqumentlər saxtadır. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonunu işğal edib, azərbaycanlılara qarşı soyqırımı törədib, etnik təmizləmə həyata keçirib, müharibə cinayətləri törədib. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələblərinə baxmayaraq Ermənistan hələ də öz ordusunu işğal etdiyi ərazilərdən geri çəkməyib, işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyət, o cümlədən qeyri-qanuni məskunlaşma siyasəti aparır, ərazilərdə Azərbaycan izlərini yox etməyə çalışır.
Ermənistan təmas xəttində və dövlət sərhədində atəşkəsi kobud şəkildə pozaraq təxribatlar törədir, qəsdən Azərbaycanın mülki əhalisi və obyektlərini atəşə tutur, danışıqlarda maraqlı deyil, status-kvonu uzatmağa və işğalı möhkəmləndirməyə çalışır.
Sənəddə bir neçə dəfə xalqların öz müqəddəratını təyin etmə prinsipinə istinadlar edilir. Qeyd edilir ki, qondarma qurumun öz müqəddəratını təyin etmə hüququ qeyri-şərtsiz tanınmalıdır.
Ermənistan işğal faktını öz müqəddəratını təyin etmə prinsipi ilə ört-basdır etməyə çalışır. Heç bir halda bu prinsip Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə aid edilə bilməz. Bu öz müqəddəratını təyin etmə yox, işğaldır. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və buna alternativ yoxdur.
Qondarma qurumun qeyd-şərtsiz və məhdudiyyətsiz öz müqəddəratını təyin etmə hüququnun tanınmasını tələb edən və qanunsuz rejimi “azad ölkə” kimi tanıyan bu strategiya sənədi özü-özlüyündə ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesinə vurulmuş növbəti ağır zərbədir. Həmsədrlər və ümumiyyətlə beynəlxalq ictimaiyyət bu sənədə reaksiya verməlidir.
Sənəddə iddia olunur ki, Ermənistan ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlara sadiqdir. Lakin bu ölkənin baş nazirinin “Qarabağ Ermənistandır”, müdafiə nazirinin “yeni torpaqlar naminə yeni müharibə” kimi bəyanatları, qondarma rejimi tərəf kimi danışıqlara cəlb etmək cəhdləri, eləcə də strategiyada münaqişə ilə bağlı təxribatçı fikirlər sübut edir ki, Ermənistan məqsədli şəkildə danışıqlar prosesini pozur və onun niyyəti işğalı davam etdirməkdir.
Sənəddə qeyd olunur ki, qondarma qurumun təhlükəsizliyini, eləcə də Ermənistan da daxil olmaqla xarici dünya ilə təhlükəsiz və şaxələnmiş kommunikasiyasını təmin edəcək lazımi müdafiə xətləri olmalıdır. Bununla Laçın rayonu və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə bitişik digər işğal olunmuş rayonlara işarə edilir. Bu bir daha onu göstərir ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını qaytarmaq niyyəti yoxdur.
Sənəddə bir neçə yerdə qeyd olunur ki, Ermənistan qondarma qurumun təhlükəsizliyinin qarantıdır. Bu, işğalın açıq etirafıdır.
Sənəddə qeyd olunur ki, danışıqlar prosesinin məqsədi “müharibənin nəticələrinin qorunması”dır. Bu açıq şəkildə göstərir ki, Ermənistan Azərbaycan ərazilərinin işğalını davam etdirmək niyyətindədir və dayanıqlı sülhə xidmət edən danışıqlarda maraqlı deyil”.
1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ vilayətində bölgənin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat başlanıb və açıq hərbi təcavüzə çevrilib.
1991-ci ildə Dağlıq Qarabağ erməniləri bölgəni “müstəqil dövlət” elan edib, müharibə alovlanıb.
1994-cü ildə atəşkəslə dayanan işğalçı müharibədə Ermənistan Dağlıq Qarabağ bölgəsini (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları, keçmiş Ağdərə rayonu) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) işğal edib.
İşğalçı rejim özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandırır.
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə ATƏT-in Minsk qrupu vasitəçilik edir. Qrupun 11 üzvü var: Rusiya, Fransa, ABŞ (həmsədrlər), Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.