AXCP üzvü Fuad Əhmədlinin həbsdən çıxmasına bir həftə qalır. O, hazırda məhbus həyatı yaşayan cəbhəçilər arasında ən əvvəl tutulan şəxsdir.
Novator.az bildirir ki, 1990-cı il təvəllüdlü Fuad Əhmədli 2016-cı il avqustun 18-də tutulub. O, operator işlədiyi “Azerfon” şirkətində abonentin şəxsi məlumatlarını başqasına ötürməkdə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi Fuad Əhmədlini əməliyyat-axtarış fəaliyyəti qanunvericiliyini pozma və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilərək 4 il müddətinə azadlıqdan məhrum edib. Apellyasiya instansiyası və Ali Məhkəmə cəzanı qüvvədə saxlayıb.
Fuad Əhmədli Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. AXCP-yə 2012-ci ildə qoşulub.
Bakıdakı 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan Fuad Əhmədli 2019-cu ilin yazında cəzasının üçdə iki hissəsini çəkdiyinə görə azadlığa buraxılması üçün Qaradağ Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə AXCP fəalının istəyini təmin etməyib, Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə həmin qərarı qüvvədə saxlayıblar.
Məhkumluq çəkən başqa cəbhəçilər Fuad Əhmədlidən sonra tutulublar.
Jurnalist Elçin İsmayıllı 2017-ci il fevralın 17-dən həbsdədir. Hədə-qorxu ilə tələb etmədə təqsirli bilinib. Ona 7 il azadlıqdan məhrumetmə cəzası kəsilib.
Jurnalist Ziya Əsədli 2017-ci il sentyabrın 5-də həbs olunub. Silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıqda təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası alıb.
Orxan Baxışlı 2018-ci il mayın 7-dən həbsdədir. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə saxlamada təqsirli bilinib. Cəzasının müddəti 3 ildir.
Aqil Məhərrəmov və Babək Həsənov 2018-ci il mayın 25-də tutulublar. Xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqda və mütəşəkkil dəstənin cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırmada təqsirli bilinən cəbhəçilərə 4 il və 3 il həbs cəzaları kəsilib. İttihama görə, 1992-1993-cü illərdə – Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti vaxtı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış Saleh Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib, Aqil Məhərrəmov və Babək Həsənov bu işdə ona yardımçı olublar.
2018-ci il mayın 8-də tutulan Saleh Rüstəmova 7 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
2019-cu il oktyabrın 15-də tutulan Paşa Umudov bu il avqustun 7-də 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cəbhəçi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə saxlamada təqsirli bilinib.
2020-ci ildə isə 20 AXCP üzvü cinayət məsuliyyətinə cəlb olunub.
Martın 24-ü Zamin Salayevə qəsdən sağlamlığa yüngül zərər vurma ittiham ilə cinayət işi açılıb. Aprelin 20-də Zamin Salayev başqa bir iş üzrə məhkum olunub, böhtan və təhqirdə təqsirli bilinərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Aprelin 13-də jurnalist Təzəxan Mirələmliyə xuliqanlıq ittihamı ilə cinayət işi qaldırılıb. İyunun 19-da ona 1 il azadlığın məhdudlaşdırılması cəzası kəsilib.
Niyaməddin Əhmədov aprelin 16-sı tutularaq 30 sutka inzibati həbsdə yatıb. Mayın 15-də ona terrorçuluğu maliyyələşdirmə ittihamı verilib, barəsində həbs qətimkan tədbiri seçilib.
Mayın 16-da tutulan, iyulun 20-də ev dustaqlığına buraxılan Səid Məmmədzadə silahdan istifadə etməklə xuliqanlıqda ittiham olunur.
İyulun 14-ü axşamdan iyulun 15-nə keçən gecəyədək Bakıda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Bir qrup şəxs Milli Məclisin binasına girəndən sonra polis aksiyanı dağıdıb, toqquşma yaranıb.
Baş Prokurorluqla Daxili İşlər Nazirliyinin birgə məlumatında qeyd olunub ki, 7 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 xidməti avtomobil aşırılaraq yararsız hala salınıb, daha 14 xidməti avtomobilə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulub.
Milli Məclisin birinci mərtəbəsində bir sıra dağıntılar törədildiyi, mülkiyyətə və inventara ziyan dəydiyi də bəyan olunub.
Baş Prokurorluğun İstintaq İdarəsinin təqdimatı ilə barələrində həbs qətimkan tədbiri seçilən AXCP üzvləri Asif Yusifli, Seymur Əhmədov, Bəxtiyar İmanov, Ramid Nağıyev, İsmayıl Həsənov, Ayaz Məhərrəmli, Baba Süleyman, Ceyhun Novruzov, Məhəbbət Nağıyev, Telman Seyfullayev, Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Elnur Cabbarlı, Müşfiq Quliyev zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə; ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə; hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunurlar.
AXCP fəalı Elvin Məmmədov da həmin ittihamlarla cinayət məsuliyyətinə alınaraq polisin nəzarətinə verilib.
Fuad Qəhrəmanlıya və Məmməd İbrahimə həmçinin hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər ittihamı irəli sürülüb.
Prokurorluqda Fuad Qəhrəmanlı ilə bağlı başqa cinayət işi də var. 2019-cu il oktyabrın 16-da Baş Prokurorluq Fuad Qəhrəmanlıya ailə münaqişəsi zəminində döymək və iztirab vermə ittihamları ilə cinayət işi açıb. İşin istintaqı Abşeron Rayon Prokurorluğuna həvalə edilib.
İyulun 14-15-i Bakıda keçirilən aksiyaya qatılan cəbhəçi Məhəmməd İmanlı və Məmməd İbrahimin oğlu Mehdi İbrahimov da tutulublar. Onlara epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması (xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) ittihamı verilib.