Belarusda avqustun 9-da keçirilmiş prezident seçkisinin ilkin rəsmi nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, 5 nəfərin yarışdığı seçkidə prezident Aleksandr Lukaşenko önə çıxıb. Mərkəzi Seçki Komissiyası dövlət başçısını 80,08 faiz səslə lider elan edib.
Dövlət başçısının ən yaxın izləyicisi – pedaqoq Svetlana Tixanovskayanın 10,09 faiz səs yığdığı bəyan olunub.
Hesabata əsasən, sahibkar Anna Kanopatskaya 1,68 faiz, Sosial Demokrat Partiyasının sədri Sergey Çereçen 1,15 faiz, politoloq, ictimai fəal Andrey Dmitriyev 1,21 faiz nəticə göstərib.
Seçicilərin 4,6 faizinin bütün namizədlərin əleyhinə çıxdığı bildirilir.
Müxalif fəallar seçkinin saxtalaşdırıldığını bəyan edir. Avqustun 9-u axşam paytaxt Minskdə və ölkənin bir çox iri şəhərində etiraz aksiyaları keçirilib, hüquq mühafizə orqanlarının əməkdaşları ilə toqquşmalar yaranıb, xəsarət alanlar, tutulanlar var.
1954-cü il avqustun 30-da doğulan Aleksandr Lukaşenko Mogilyov Dövlət Pedaqoji Universitetini və Belarus Kənd Təsərrüfatı Akademiyasını bitirib.
Prezident kürsüsünü 1994-cü ildən tutur. İlk dəfə 5 il müddətinə seçilən Aleksandr Lukaşenko 1996-cı il referendumu ilə səlahiyyət müddətini 2001-ci ilədək uzadıb. 2001-ci ildə o, ikinci dəfə prezident kürsüsünə yiyələnib. 2004-cü il referendumunda bir nəfərin iki dəfədən çox prezident seçilməsinə məhdudiyyət götürülüb və Aleksandr Lukaşenko 2006, 2010 və 2015-ci illərin seçkilərinə də qatılaraq dövlət başçısı postunu əlində saxlayıb.