Avqustun 7-si Bakının Nizami Rayon Məhkəməsində Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublunun cinayət işi üzrə proses davam etdirilib.
Novator.az bildirir ki, Tofiq Yaqublu martın 22-də tutulub. O, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıqda təqsirli bilinir. Bu ittiham iki ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Rəsmi ittihama əsasən, Tofiq Yaqublu martın 22-də idarə etdiyi avtomobillə Bakının Nizami rayonunda qaydaları pozub, Cəbrayılov Elxan Səttar oğlunun idarə etdiyi avtomobillə toqquşub.
Tofiq Yaqublunun mübahisə zəminində Elxan Cəbrayılovu yumruqla və vintaçan alətlə zərbələr vurub xəsarətlər yetirdiyi, onun avtomobildə olan yoldaşı Cəvahir Cəbrayılovanı əli ilə itələyib xəsarət yetirdiyi bəyan olunub.
İbtidai istintaqı Nizami Rayon Polis İdarəsi aparıb.
Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında saxlanan Tofiq Yaqubluya Elçin Sadıqovla Aqil Layıc vəkillik edirlər.
Tofiq Yaqublunun qızı Nigar Həzinin Facebook.com-da yaydığı məlumata görə, avqustun 7-si Nizami Rayon Məhkəməsində keçirilən prosesdə Elxan və Cəvahir Cəbrayılovlar dindirilib: “Cinayət işi uydurma və qurama olduğu üçün onların ilkin ifadələri ilə indiki ifadələri kəskin ziddiyyətli idi. Hakim, dövlət ittihamçısı, Cəbrayılovlar və onların vəkili vahid komanda şəklində işləyirdilər.
Atamın vəkilləri Cəbrayılovları tək-tək dindirmək barədə vəsatət qaldırdı, ancaq hakim vəsatəti təmin etmədi. Əvvəlcədən yazılmış ifadəni deyərkən ər-arvad bir-birinə düzəliş edir, dövlət ittihamçısı və hakim yönəldici eyhamlarla onlara yardım göstərirdilər”.
Cəvahir Cəbrayılova ifadəsində deyib ki, Tofiq Yaqublu qəza zamanı maşından düşən kimi onları söyüb, ərini döyüb.
Tofiq Yaqublu həmin ifadəyə belə cavab verib: “Mən heç Qarabağ döyüşlərində əsir götürülən erməni qadına güldən ağır söz deməmişəm”.
5 avqust prosesində Tofiq Yaqublunun vəkilləri hadisə vaxtı çəkilmiş videonun iş materiallarına əlavə edilməsini, Elxan və Cəvahir Cəbrayılovların martın 19-dan 24-nə qədər mobil telefon zəngləri və SMS-lərinin siyahısının alınmasını istəmişdilər. Onlar bildirmişdilər ki, ittihamda Elxan Cəbrayılovun avtomobillə hərəkətdə olarkən Tofiq Yaqublunun maşını ilə toqquşduğu, bundan sonra aralarında insident yarandığı yazılıb, amma işə əlavə etmək istədikləri videoda Elxan Cəbrayılovun maşınının əvvəldən həmin ərazidə dayanıb gözlədiyi, işarədən sonra qəfildən Tofiq Yaqublunun dayanmış avtomobilinə tərəf hərəkət etdiyi görünür.
Vəkil Elçin Sadıqov onu da qeyd etmişdi ki, iş materiallarında hadisənin 15:25-də baş verdiyi yazılıb, Cəvahir Cəbrayılovanın Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəngi saat 15:21-də qeydə alınıb: “Adam əvvəlcədən necə bilə bilərdi ki, bir azdan kimsə onların maşınını vuracaq, özlərini döyəcək? Biz hesab edirik ki, bu hadisə əvvəlcədən quraşdırılıb, Cəbrayılovlar da məqsədli şəkildə orada gözləyib. Əlimizdəki görüntü də bunu sübut edir. Buyursun, ittiham tərəfi həmin şəxslərin təxribatçı olmadığını sübut eləsin. Zənglərin, SMS-lərin siyahısını alın, görək bu adamlar həmin ərəfədə kimlərlə danışıb”.
Vəsatətlər təmin edilməyib.
1961-ci il təvəllüdlü Tofiq Yaqublu Moskva Kooperasiya Universitetini bitirib. Milli azadlıq hərəkatının fəalı, Qarabağ müharibəsi veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. 2010-2018-ci illərdə partiya başqanının müavini postunu tutub.
Tofiq Yaqublu 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutularaq 5 il azadlıqdan məhrumetmə cəzası alıb, 2016-cı il martın 17-də əfv sərəncamı əsasında azadlığa çıxıb.
Tofiq Yaqublunun qızı, müsavatçı Nigar Həzi 2012-2013-cü illərdə həbsdə olub. Nigar jurnalist, AXCP sədrinin müavini Seymur Həzinin həyat yoldaşıdır. Onlar 2016-cı ilin avqustunda, Seymur həbsdə olarkən ailə qurublar. Seymur Həzi 2014-cü il avqustun 29-da tutulub, 5 il müddətinə azadlıqdan məhrum edilib, 2019-cu il avqustun 29-da həbs cəzasını başa vuraraq azadlığa buraxılıb.
Tofiq Yaqublunun digər qızı Nərgiz Yaqublu da müsavatçı olub. O, 2015-ci ilin aprel ayında, atası həbsdə olan vaxt vəfat edib.
Tofiq Yaqublu yenə həbsə gedir
Tofiq Yaqublunun məhkəməsi qapalı keçiriləcək
Ev dustaqlığına da yox deyildi
Tofiq Yaqublu nədən narazıdır?
Məhkəmənin Tofiq qərarı dəyişməz qaldı
Həbsin uzadılması: şikayət təmin olunmadı
Tofiq Yaqublu məhkəməni səbirsizliklə gözləyir