Avqustun 7-də Serbiya prezidenti Aleksandr Vuçiç dövlət başçısı İlham Əliyevə zəng edib. Rəsmi məlumata görə, Aleksandr Vuçiç iyul ayında Ermənistan-Azərbaycan sərhədində baş vermiş hadisələr zamanı azərbaycanlı hərbi qulluqçuların həlak olması ilə əlaqədar başsağlığı verib. O, Ermənistanın Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirib, vəziyyətin araşdırılması üçün yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd edib.
Telefon zənginə görə minnətdarlığını bildirən İlham Əliyev qeyd edib ki, Azərbaycanın hərbi və mülki mövqelərinin atəşə tutulması zamanı Serbiya istehsalı olan hərbi sursatlardan istifadə edilməsi Azərbaycan cəmiyyətində narahatlıqla qarşılanıb. Dövlət başçısı faktın araşdırılması üçün nümayəndə heyətinin göndərilməsi barədə qərardan məmnunluğunu ifadə edib.
Telefon söhbəti zamanı tərəflər gələcəkdə iki ölkə arasında dostluq əlaqələrinə kölgə sala biləcək hərəkətlərə yol verilməməsi barədə qərara gəliblər.
İyulun 12-dən Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu sahəsində gedən döyüşlərdə Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovniki İlqar Mirzəyev, mayorları Namiq Əhmədov, Anar Novruzov, baş leytenantı Rəşad Mahmudov, gizirləri İlqar Zeynallı, Yaşar Babayev, çavuşu Vüqar Sadıqov, baş əsgəri Elşad Məmmədov, əsgərləri Xəyyam Daşdəmirov, Elçin Mustafazadə, Nazim İsmayılov və mülki şəxs Əziz Əzizov şəhid olublar.