AZƏRTAC-ın 6 avqust məlumatına görə, Qəbələdə mərkəzi küçələrdən birinə – Şəhidlər xiyabanı yerləşən küçəyə şəhid general-mayor Polad Həşimovun adı verilib. Ötən gündən etibarən Polad Həşimov yazılan lövhələr küçə boyu yerləşdirilib.
Əslən Qəbələnin Vəndam kəndindən olan Polad Həşimov 1975-ci ildə Sumqayıt şəhərində doğulub. Bakı Ali Hərbi Məktəbinin məzunudur.
2009-cu ildə “Vətən uğrunda” medalı, 2014-cü ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 2016-cı ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Azərbaycan Ordusunun hərbi birliklərindən birində qərargah rəisi postunu tutan general-mayor Polad Həşimov iyulun 12-dən Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu sahəsində gedən döyüşlərdə şəhid olub, iyulun 15-i paytaxt Bakıdakı İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.
Ermənistan qoşunlarının Azərbaycan mövqelərinə hücumu ilə başlayan həmin döyüşlərdə polkovnik İlqar Mirzəyev, mayorlar Namiq Əhmədov, Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizirlər İlqar Zeynallı, Yaşar Babayev, çavuş Vüqar Sadıqov, baş əsgər Elşad Məmmədov, əsgərlər Xəyyam Daşdəmirov, Elçin Mustafazadə, Nazim İsmayılov, mülki şəxs Əziz Əzizov da şəhid olublar.
İyulun 29-u Qəbələdə olan prezident İlham Əliyev rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayevə Polad Həşimovla bağlı tapşırıqlar vermişdi: “Vəndam kəndinin yetirməsi olan general Polad Həşimov namərd, mənfur ermənilərin, Ermənistanın təşkil etdiyi təxribat nəticəsində Vətən uğrunda döyüşlərdə həlak olub. Mən sənə tapışırıq verirəm ki, Qəbələ şəhərinin küçələrinin birinə general Polad Həşimovun adı verilsin.
Mən mərhum generalın anası ilə danışmışam, ona başsağlığı vermişəm. Onun Vəndam kəndində, Qəbələ rayonunda yaşayan qohumlarına xüsusi diqqət göstərilməlidir. Bilirəm ki, diqqət göstərirsiniz. Daim diqqət mərkəzində olmalıdır. Onun yaxınları, övladları dövlətin qayğısı ilə əhatə olunur. Müdafiə nazirinə və digər aidiyyəti qurumların rəhbərlərinə müvafiq göstərişlər verilib. General uzun müddət Sumqayıtda yaşayıb və buna görə Sumqayıtın icra başçısına da göstəriş verilib. Siz də burada general Həşimovun adının əbədiləşdirilməsi ilə əlaqədar müvafiq addımlar atmalısınız”.