Azərbaycanın bir qrup media təmsilçisi müraciət yayıb. Novator.az-ın məlumatına görə, müraciətdə qeyd olunur ki, koronavirus pandemiyası dövründə Azərbaycanda insan haqlarının durumu daha da pisləşib: “Azərbaycan-Ermənistan sərhədinin Tovuz sahəsində baş verən, general da daxil olmaqla bir neçə hərbçimizin və bir mülki vətəndaşın həlak olduğu münaqişədən sonra hakimiyyət siyasi rəqiblərinə qarşı hücuma keçib. İyulun 14-də Azərbaycan Ordusuna və dövlətə dəstək şüarları ilə başlanan dinc aksiyanın bəzi iştirakçılarının parlamentin binasına girməsi, bundan sonra aksiyanın dağıdılması olayların provokasiyanın nəticəsi olduğu qənaətinə gəlməyə əsas verir. Çünki həmin hadisədən sonra ölkə başçısı İlham Əliyev olayları AXCP-nin və Demokratik Qüvvələrin Milli Şurasının dövlət çevrilişi məqsədi ilə təşkil etdiyini deyərək hüquq mühafizə orqanlarına mesaj yolladı. Prezidentin çıxışından sonra hələ də davam edən həbs prosesi başlandı.
Həmin gecə həmkarlarımızın şəhərin müxtəlif yerlərindən açdığı canlı yayımlarda dövlət və hakimiyyət əleyhinə şüarlar səslənməyib, əksinə, dəstək şüarları olub. Belə bir dinc aksiyanı dövlət çevrilişinə cəhd kimi qiymətləndirmək həm də xalqın birliyinə zərbə vurmaqdır. Bu addım pandemiya dövründə gündəmə gətirilən və xalqa ünvanlanan “Biz birlikdə güclüyük” şüarı ilə daban-dabana ziddir, birliyi sarsıdan, Azərbaycanda dəbdə olan “düşmən dəyirmanına su tökmək” deyiminə xidmətdir.
Həbs olunanlara ağır cinayət ittihamı vermək, yürüşdə iştirak etməyənlərə belə hakimiyyəti zorla ələ keçirmək maddəsi ilə cinayət işi açmaq hansı ağlın məhsuludur? Siyasi rəqabət iddiasını sonraya saxlayıb çətin situasiyada dövlətin yanında olmaq, ölkənin ərazi bütövlüyünə təhlükə yarandığı üçün küçələrə çıxıb orduya dəstək vermək nə vaxtdan cinayət sayılıb?
Üstəlik, saxta ittihamlarla tutulanlardan ailələrinin yaxınlarından günlərlə xəbərsiz qalması, vəkillərin belə onlarla görüşünə icazə verilməməsi həbs edilənlərin hüquqlarının kobudcasına pozulmasıdır. Orduya dəstək üçün küçələrə çıxdığına görə adamlara tutulub işgəncə verilməsi barədə xəbərlərin yayılması isə ölkənin imicinə ciddi zərbədir.
Pandemiya adı ilə medianın informasiya almaq hüququnun məhdudlaşdırılması, jurnalistlərin dolğun və qərəzsiz informasiya almaq imkanlarının yox edilməsi azad sözün susdurulmasına xidmət edir, indi əsassız deyib təkzib olunan şayiələrin yaranmasına səbəb olur.
Biz, media təmsilçiləri olaraq ölkədə insan hüquqlarının pisləşməsindən narahatlığımızı bildirməklə yanaşı hakimiyyəti repressiyalara son qoymağa, sərbəst toplaşmaq və ifadə azadlıqlarına hörmətlə yanaşmağa, Qarabağın işğaldan qurtarılmasına dəstək yürüşünə görə tutulan günahsız insanları dərhal azad etməyə çağırırıq”.
Müraciəti Mehman Əliyev, Şahin Rzayev, Xaliq Bahadır, Xədicə İsmayıl, Aygün Aslanlı, Şahvələd Çobanoğlu, Elnur Astanbəyli, Şəmşad Ağa, Böyükağa Ağayev, Ramin Deko, Natiq Cavadlı, Kamran Mahmudov, Xalid Ağalıyev, Hafiz Babalı, Aytən Fərhadova, Alya Yaqublu, Fikrət Fərəməzoğlu, Vidadi Məmmədov, Elçin Rüstəmli, Nazlı Ağayeva, Qadir İbrahimli, Vüqar Qurdqanlı, Esmira Cavadova, Fizzə Heydərova, Rövşən Hacıbəyli imzalayıb.