Əmanətlərin Sığortalanması Fondunun 6 avqust hesabatına görə, ləğv prosesində olan “Atabank”, “Amrah Bank”, “AGBank” və “NBCBank” banklarının 17,9 min əmanətçisinə qorunan əmanətlər üzrə 402,3 milyon manat kompensasiya ödənib.
Mərkəzi Bank “Atabank”la “Amrah Bank”ın lisenziyalarını aprelin 28-də, “AGBank”la “NBCBank”ın lisenziyalarını mayın 12-də ləğv edib. 4 bankda əhalinin qorunan əmanətlərinin ümumi məbləği 686 milyon manat göstərilib.
Qanuna görə, illik faiz dərəcəsi milli valyutada 12 faizdən, xarici valyutada 2,5 faizdən yüksək olmayan əmanətlər tam sığortalanıb.
“Atabank” və “Amrah Bank”ın əmanətçilərinə kompensasiyaların ödənməsinə iyunun 1-dən başlanıb. Kompensasiyalar nağdsız qaydada “Kapital Bank”ın adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda verilir.
“AGBank” və “NBCBank”ın əmanətçiləri kompensasiyaları iyunun 16-dan nağdsız qaydada Azərbaycan Beynəlxalq Bankının adlı debet kartları vasitəsilə 20 filialda alırlar.
“AGBank”, “Atabank” və “NBCBank” banklarındakı əmanətlərin bir qisminin qorunan əmanətlərə aid edib-edilməməsinə Konstitusiya Məhkəməsi qərar verəcək. Konstitusiya Məhkəməsinə bu barədə sorğunu Nazirlər Kabineti göndərib.
Bağlanan banklarda nə qədər qorunan əmanət var?
Qorunan əmanətlər necə ödənəcək?
Bağlanan bankların əmanətçilərinə müraciət
Bağlanan bankların əmanətçilərinə nə qədər vəsait ödənib?