Baş Prokurorluqda avqustun 5-də videokonfrans rejimində keçirilən geniş əməliyyat müşavirəsində 2020-ci ilin ilk yarısının nəticələri müzakirə olunub. Rəsmi hesabata görə, yanvar-iyun aylarında əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 13 min 310 cinayət qeydə alınıb: “Cinayətlərin 86,5%-i böyük ictimai təhlükə törətməyən və az ağır, 13,5%-i ağır və xüsusilə ağır cinayətlərdir.
Qəsdən adam öldürmə, qəsdən sağlamlığa az ağır zərər vurma, dələduzluq, mənimsəmə və israf etmə, avtomobil nəqliyyatının qaçırılması, xuliqanlıq, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı azalıb, cinayətlərin 82,1%-i açılıb.
Daxili işlər orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 241 cinayətin açılması təmin edilib, 103 cinayətkar qrup zərərsizləşdirilib.
Hesabat dövründə 78 qəsdən adam öldürmə cinayəti rəsmiləşib.
Qəsdən sağlamlığa ağır zərər vurma 13,6 faiz, zorlama 57 faiz, narkotik vasitələrin qanunsuz dövriyyəsi 17,5 faiz, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması 15,4 faiz, soyğunçuluq 4,8 faiz, quldurluq 4,2 faiz, oğurluq 1,3 faiz artıb.
Ölkə üzrə 6933 cinayət işinin istintaqı tamamlanıb, 5070 cinayət işi ittiham aktları ilə məhkəmələrə göndərilib, 1863 cinayət işinin icraatına xitam verilib.
Qeydə alınmış cinayət işləri üzrə ümumilikdə 87 milyon 691 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 52,2 faizinin ödənməsinə nail olunub.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi vətəndaşların 3927 müraciətinə baxıb, həmçinin 123 cinayət xarakterli material araşdırılıb. Həmin materialların 96-sı üzrə cinayət işi başlanıb, 27 material üzrə digər prokuror təsir aktları tətbiq edilməklə bir sıra vəzifəli şəxs intizam məsuliyyətinə cəlb olunub.
161 – qaynar xətt əlaqə mərkəzi ilə korrupsiya hüquqpozmaları barədə 2123 müraciət daxil olub, həmin müraciətlərin 22-si üzrə cinayət işləri başlanıb, digərləri üzrə qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib.
Keçirilən əməliyyat tədbirləri nəticəsində 27 şəxs cinayət başında yaxalanıb, korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 22 cinayət işi başlanıb. 129 şəxs barəsində 91 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib.
Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 42 milyon 197 min manat məbləğində maddi ziyandan ibtidai araşdırma mərhələsində 18 milyon 669 min manatın ödənməsi təmin edilib, həmçinin qalan ziyanın ödənməsini təmin etmək məqsədilə 1 milyon 113 min manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulub, ümumilikdə vurulmuş maddi ziyanın 46,9%-i ödənib”.