Avqustun 5-i Bakının Nizami Rayon Məhkəməsində Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublunun cinayət işi üzrə proses keçirilib.
Tofiq Yaqublu martın 22-də tutulub. O, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıqda təqsirli bilinir. Bu ittiham iki ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Rəsmi ittihama əsasən, Tofiq Yaqublu martın 22-də idarə etdiyi avtomobillə Bakının Nizami rayonunda qaydaları pozub, Cəbrayılov Elxan Səttar oğlunun idarə etdiyi avtomobillə toqquşub.
Tofiq Yaqublunun mübahisə zəminində Elxan Cəbrayılovu yumruqla və vintaçan alətlə zərbələr vurub xəsarətlər yetirdiyi, onun avtomobildə olan yoldaşı Cəvahir Cəbrayılovanı əli ilə itələyib xəsarət yetirdiyi bəyan olunub, martın 23-də Nizami Rayon Məhkəməsi Tofiq Yaqublu barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. İyunun 19-da həbs müddəti iki ay uzadılıb.
Tofiq Yaqublu Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında saxlanır.
İbtidai istintaqı Nizami Rayon Polis İdarəsinin müstəntiqi Ramil Əliyev aparıb.
Tofiq Yaqubluya Elçin Sadıqovla Aqil Layıc vəkillik edirlər.
Azadliq.org-un məlumatına görə, avqustun 5-i Nizami Rayon Məhkəməsində keçirilən iclasda Tofiq Yaqublu hakim Nəriman Mehdiyevin onu təqsirləndirilən şəxs adlandırmasına etiraz edib: “Təqsirləndirilən şəxs hüquq olan yerdə olur. Siz hüququn anasını ağlatmısız. Mən əsir götürülmüş şəxsəm”.
Tofiq Yaqublunun yaxınları, eləcə də prosesi izləməyə gələn ictimai-siyasi fəallar, media nümayəndələri prosesə buraxılmayıb. Hakim koronavirus pandemiyasına görə məhkəmə iclaslarında 10 nəfərdən çox şəxsin iştirak etməməsi barədə tövsiyəni əsas gətirib.
Tofiq Yaqublu buna etiraz edib: “Siz istəyirsiz prosesi qapalı keçirəsiz. Günahsız adamı şərləmək sizə kifayət etmir. İttihamı istintaq verər, məhkəmə baxar. Burada məhkəmə var? İlham Əliyev sifariş verib, siz də icra edirsiz”.
Tofiq Yaqublunun vəkilləri bir neçə vəsatət qaldırıblar. Onlar hadisə vaxtı çəkilmiş videonun iş materiallarına əlavə edilməsini, zərərçəkmiş Elxan və Cəvahir Cəbrayılovların martın 19-dan 24-nə qədər mobil telefon zəngləri və SMS-lərinin siyahısının alınmasını istəyiblər. Onlar bildirib ki, ittihamda Elxan Cəbrayılovun avtomobillə hərəkətdə olarkən Tofiq Yaqublunun maşını ilə toqquşduğu, bundan sonra aralarında insident yarandığı yazılıb, amma işə əlavə etmək istədikləri videoda Elxan Cəbrayılovun maşınının əvvəldən həmin ərazidə dayanıb gözlədiyi, işarədən sonra qəfildən Tofiq Yaqublunun dayanmış avtomobilinə tərəf hərəkət etdiyi görünür.
Vəkil Elçin Sadıqov həmçinin deyib ki, iş materiallarında hadisənin 15:25-də baş verdiyi yazılıb, Cəvahir Cəbrayılovanın Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə zəngi saat 15:21-də qeydə alınıb: “Adam əvvəlcədən necə bilə bilərdi ki, bir azdan kimsə onların maşınını vuracaq, özlərini döyəcək? Biz hesab edirik ki, bu hadisə əvvəlcədən quraşdırılıb, Cəbrayılovlar da məqsədli şəkildə orada gözləyib. Əlimizdəki görüntü də bunu sübut edir. Buyursun, ittiham tərəfi həmin şəxslərin təxribatçı olmadığını sübut eləsin. Zənglərin, SMS-lərin siyahısını alın, görək bu adamlar həmin ərəfədə kimlərlə danışıb”.
Vəkillərin daha bir istəyi Tofiq Yaqublunun şüşə kabinədən çıxarılıb müdafiəçilərinin yanında əyləşməsi haqda olub. Tofiq Yaqublu özü də deyilənləri şüşə arxasından eşitməkdə çətinlik çəkdiyini söyləyib, bunu Qarabağ savaşının səhhətinə vurduğu ziyanla bağlayıb.
Vəsatətlər təmin edilməyib.
Tofiq Yaqublu telefonuna baxış keçirilməsini istəyib: “Qanunsuz olaraq, cinayətkarcasına həyat yoldaşımın əlindən zorla alınmış telefonuma niyə baxış keçirilmir? Orada səs yazıları, videolar var. Sizə həqiqət lazım deyil? Mantiya geyinməklə hakim olmur. Siz də məlum kateqoriyalı adamlarla birlikdə bu planın icraçısısınız”.
Proses avqustun 7-də davam edəcək.
1961-ci il təvəllüdlü Tofiq Yaqublu Moskva Kooperasiya Universitetini bitirib. Milli azadlıq hərəkatının fəalı, Qarabağ müharibəsi veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. 2010-2018-ci illərdə partiya başqanının müavini postunu tutub.
Tofiq Yaqublu 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutularaq 5 il azadlıqdan məhrumetmə cəzası alıb, 2016-cı il martın 17-də əfv sərəncamı əsasında azadlığa çıxıb.
Tofiq Yaqublunun qızı, müsavatçı Nigar Həzi 2012-2013-cü illərdə həbsdə olub. Nigar jurnalist, AXCP sədrinin müavini Seymur Həzinin həyat yoldaşıdır. Onlar 2016-cı ilin avqustunda, Seymur həbsdə olarkən ailə qurublar. Seymur Həzi 2014-cü il avqustun 29-da tutulub, 5 il müddətinə azadlıqdan məhrum edilib, 2019-cu il avqustun 29-da həbs cəzasını başa vuraraq azadlığa buraxılıb.
Tofiq Yaqublunun digər qızı Nərgiz Yaqublu da müsavatçı olub. O, 2015-ci ilin aprel ayında, atası həbsdə olan vaxt vəfat edib.
Tofiq Yaqublu yenə həbsə gedir
Tofiq Yaqublunun məhkəməsi qapalı keçiriləcək
Ev dustaqlığına da yox deyildi
Tofiq Yaqublu nədən narazıdır?
Məhkəmənin Tofiq qərarı dəyişməz qaldı
Həbsin uzadılması: şikayət təmin olunmadı