Maliyyə Nazirliyi 2020-ci ilin dövlət büdcəsinə dəyişikliklər layihəsini açıqlayıb. Novator.az bildirir ki, təklifə görə, dövlət büdcəsinin gəlirləri 10,5 milyon manat azalaraq 24 milyard 124 milyon manat, xərcləri 597,5 milyon manat artırılaraq 27 milyard 492,2 milyon manat olur, büdcə kəsiri 3 milyard 368,2 milyon manata yüksəlir.
Vergi və rüsumlar üzrə gəlirlər, habelə büdcədən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmaları 890,5 milyon manat azaldılır, Dövlət Neft Fondunun transferti 850,0 milyon manat, büdcənin sair daxilolmaları 30 milyon manat artırılır.
Büdcə gəlirlərinin 12 milyard 200 milyon manatı Dövlət Neft Fondundan transfertin, 7 milyard 190 milyon manatı Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların, 3 milyard 830 milyon manatı Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 804 milyon manatı büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarının, 100 milyon manatı sair gəlirlərin payına düşür.
Layihəyə əsasən, dövlət büdcəsi xərclərinin 65,6 faizi cari xərclərə, 28,1 faizi əsaslı xərclərə, 6,3 faizi dövlət borcuna və öhdəliklərinə xidmətə yönəldiləcək.
İcmal büdcənin tərkibinə daxil olan dövlət büdcədənkənar fondlarının və Naxçıvan Muxtar Respublikasının büdcələrində də dəyişikliklər edilir. Dövlət Neft Fondunun gəlirləri 2020-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 40,7 faiz az və ya 7 milyard 342,6 milyon manat nəzərdə tutulur. Fondun xərcləri isə 7,4 faiz artaraq 12 milyard 410 milyon məbləğində rəsmiləşir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun gəlirləri və xərcləri 4 milyard 784,7 milyon manat, işsizlikdən sığorta fondunun gəlirləri və xərcləri 151,2 milyon manat olur.
Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri 483,8 milyon manat məbləğinə çatdırılır.