İyulun 31-də AXCP-dən Novator.az-a verilən məlumata görə, qurumun üzvləri Babək Muradov, Elnur Quliyev, Yaşar Kərimov, Emin Fərhadov və Feyruz Rəhimov 30 sutkalıq inzibati həbs cəzaları alıblar. Onlar karantin rejimini pozmaqda təqsirli biliniblər. Qərarları paytaxt Bakının müxtəlif rayon məhkəmələri çıxarıb.
Yaşar Kərimovla Emin Fərhadovun iyulun 28-də, Babək Muradov, Elnur Quliyev və Feyruz Rəhimovun iyulun 30-da tutulduğu xəbər verilir.
İyulun 30-da saxlanan cəbhəçilər Elnur Cabbarlı ilə Müşfiq Quliyevə isə 14-15 aksiyası zəminində cinayət işi qaldırıldığı, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə; ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə; hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə ittihamları irəli sürüldüyü qeyd olunur. Nəsimi Rayon Məhkəməsi iyulun 31-də Baş Prokurorluğun İstintaq İdarəsinin təqdimatına baxaraq hər iki cəbhəçi barədə 3 aylıq həbs qətimkan tədbiri seçib.
İyulun 14-ü axşamdan iyulun 15-nə keçən gecəyədək Bakıda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Bir qrup şəxs Milli Məclisin binasına girəndən sonra polis aksiyanı dağıdıb, toqquşma yaranıb.
Baş Prokurorluqla Daxili İşlər Nazirliyinin birgə məlumatında qeyd olunub ki, 7 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 xidməti avtomobil aşırılaraq yararsız hala salınıb, daha 14 xidməti avtomobilə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulub.
Milli Məclisin birinci mərtəbəsində bir sıra dağıntılar törədildiyi, mülkiyyətə və inventara ziyan dəydiyi də bəyan olunub.
Bununla bağlı cinayət işini Baş Prokurorluğun İstintaq İdarəsi aparır. Barəsində həbs qətimkan tədbiri seçilənlərin 12-si AXCP üzvüdür: Asif Yusifli, Seymur Əhmədov, Bəxtiyar İmanov, Ramid Nağıyev, İsmayıl Həsənov, Ayaz Məhərrəmli, Baba Süleyman, Ceyhun Novruzov, Məhəbbət Nağıyev, Telman Seyfullayev, Fuad Qəhrəmanlı, Məmməd İbrahim. Onlar zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmədə; ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmədə; hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunurlar.
AXCP fəalı Elvin Məmmədov da həmin ittihamlarla cinayət məsuliyyətinə alınaraq polisin nəzarətinə verilib.
Fuad Qəhrəmanlıya və Məmməd İbrahimə həmçinin hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər ittihamı irəli sürülüb.
İyulun 14-15-i Bakıda keçirilən aksiyaya qatılan cəbhəçi Məhəmməd İmanlı və Məmməd İbrahimin oğlu Mehdi İbrahimov da tutulublar. Onlara epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması (xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) ittihamı verilib. İddiaya görə, onlar koronavirus xəstəsi ola-ola yaşayış yerlərini tərk edərək ictimaiyyət arasına çıxıblar.
Mehdi İbrahimov AXCP üzvü deyil.
14-15 iyul aksiyasından sonra tutulan 9 cəbhəçi inzibati həbs cəzası alıb: Nicat Abdullayev, Süleyman Məhərrəmov, Fərrux Əliyev, Elxan Nuriyev, Elnur Həsənov, Rəşid Turabov, Elnur Yusubov, Sarvan Cumayev və Mahir Namazova 30 sutka kəsilib.
“Azadlıq” radiosunun 31 iyul məlumatına görə, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Torhildur Sunna Evarsdottir, AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçiləri Stefan Şennak və Rocer Geyl Azərbaycandakı son kütləvi həbslərdən narahatlıq ifadə edən bəyanat yayıblar. Onlar qeyd ediblər ki, asayişin pozulması ilə bağlı ittihamların saxta dəlillər əsasında irəli sürülməsi iddiaları var: “Azərbaycanda belə ittihamlardan sui-istifadə edilməsi dəfələrlə tənqid olunub, ölkənin Cinayət Məcəlləsindən siyasi motivlərlə sui-istifadə olunduğu Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da yer alıb. Biz Azərbaycan hakimiyyətini ifadə və toplaşmaq azadlıqlarına ehtiramın tam təmin edilməsinə, işgəncələrin qadağan olunmasına, azadlıq və təhlükəsizlik hüquqlarına riayət edilməsinə və saxlananların ədalətli mühakiməsinə çağırırıq”.
Bəyanatda vurğulanır ki, Azərbaycan AŞPA-nın 30 yanvar 2020-ci il iclasında qəbul edilmiş qətnamənin icrası yönündə əhəmiyyətli addım atmayıb. Torhildur Sunna Evarsdottirin tərtib etdiyi həmin qətnamədə Azərbaycan hakimiyyətinə vətəndaş cəmiyyəti təmsilçilərinin siyahılarında adları göstərilən şəxslərin işlərinə yenidən baxmaq və siyasi motivlərlə tutulanların hamısını azad etmək, siyasi məhbus problemini birdəfəlik aradan qaldırmaq təklif olunub.