İyulun 23-də Ermənistan hökumətinin iclasında çıxış edən baş nazir Nikol Paşinyan yeddi tezis irəli sürüb. Novator.az bildirir ki, onun istəyinə görə, Ermənistanla Dağlıq Qarabağ rejiminin ümumi təhlükəsizlik sistemi möhkəmləndirilməli; Dağlıq Qarabağ sülh danışıqlarının tərəfi olmalı; Azərbaycan güc tətbiqindən imtina etməli; Dağlıq Qarabağın öz müqəddəratını müəyyən etmək hüququ tanınmalı; Azərbaycana silah satan ölkələr qınanmalı; atəşkəs rejiminə nəzarət gücləndirilməli; Türkiyənin Dağlıq Qarabağ münaqişəsinə qoşulması əngəllənməlidir.
Prezident İlham Əliyev iyulun 29-da Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında ASAN könüllüləri ilə görüşüb və çıxışında Nikol Paşinyana sərt cavab verib: “Mənə bu yaxınlarda məlumat verildi ki, Ermənistanın baş naziri Azərbaycana yeddi şərt irəli sürüb. Hesab edirəm, ağlı başında olan hər bir adam açıq-aydın görə bilər ki, bu şərtlərin heç biri qəbul edilən deyil. Bu şərtlərdən biri odur ki, Azərbaycan qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparsın. Bu, mümkün deyil. Biz bunu dəfələrlə bildirmişik. Çünki “Dağlıq Qarabağ respublikası” yoxdur. Belə bir “respublikanı” heç kim tanımır. Ermənistanın hünəri varsa, tanısın “Dağlıq Qarabağ respublikası”nı. Mən deyirəm, Ermənistan hakimiyyəti, tanıyın onu. Bu gün tanıyın, tanımırsınızsa, deməli, qorxursunuz. Gedin, ağlınızı başınıza yığın! Quldur, kriminal rejimlə heç bir danışıqlar aparılmayacaq. Ona görə bəri başdan onlar bilməlidirlər ki, bu, tamamilə qəbuledilməzdir. Digər şərtlər də buna bənzər şərtlərdir. Qəbuledilməz şərtlər irəli sürməklə Ermənistan faktiki olaraq danışıqlar prosesini məhv edir və danışıqlar formatını dəyişdirmək istəyir. Çünki danışıqlar Azərbaycanla Ermənistan arasında aparılır. Bu, Minsk qrupunun və onun həmsədrlərinin açıq mövqeyidir. Dəfələrlə bu mövqe onlara çatdırılıb, həm rəsmi qaydada, həm də bağlı qapılar arxasında. Amma bunların hikkəsinə baxın, yenə də bu şərti irəli sürürlər ki, Azərbaycan dırnaqarası “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır. “Dağlıq Qarabağ respublikası” yoxdur. Qoy, erməni xalqı özünü aldatmasın. Biz bütün qalan şərtləri də rədd edirik, o kağızı da zibil vedrəsinə atırıq. Ancaq erməni xalqı yaxşı düşünsün, yaxşı fikirləşsin. Əgər onlar bundan sonra da cinayətkarların girovu kimi yaşamaq istəyirlərsə, onda indiki hakimiyyətin ağılsız və təhlükəli addımlarına göz yumsunlar.
Onlar başa düşməlidirlər ki, erməni silahlı qüvvələri bizim torpaqlarımızdan çıxmasa, sülh olmayacaq və onlar özləri peşman olacaqlar. Nə qədər ki, gec deyil, erməni silahlı qüvvələri bizim torpaqlarımızdan çıxmalıdır. Bunu beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi tələb edir. Erməni silahlı qüvvələri Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bunu tarixi həqiqət tələb edir. Çünki Dağlıq Qarabağ bizim tarixi torpağımızdır. Ermənistanın baş naziri deyir ki, “Dağlıq Qarabağ Ermənistandır” və ondan sonra hansı danışıqlardan söhbət gedə bilər. Çünki danışıqların əsas mahiyyəti ondan ibarətdir ki, işğal edilmiş torpaqlar azad olunsun. Biz bunun ətrafında danışıqlar aparmalıyıq. Yoxsa nəyin ətrafında? Biz dırnaqarası “Dağlıq Qarabağ respublikası”na müstəqilliyin verilməsi haqqında heç vaxt danışıqlar aparmamışıq, heç vaxt! Bu, heç vaxt danışıqlar predmeti olmayıb. Mən bu haqda ümumiyyətlə heç vaxt danışmamışam və danışmaq fikrim də yoxdur. Biz onun ətrafında danışıqlar aparırıq ki, işğal edilmiş torpaqlar nə vaxt, hansı ardıcıllıqla azad edilsin. Əgər Ermənistanın baş naziri deyirsə ki, “Dağlıq Qarabağ Ermənistandır”, əgər deyirsə ki, “biz qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmaq istəyirik”, deməli o, danışıqları məhv edir. Mən 7 şərtin qarşısına bir şərt qoyuram, bir şərt – erməni silahlı qüvvələri işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, Azərbaycan vətəndaşları öz doğma dədə-baba torpaqlarına qayıtmalıdırlar! Budur mənim şərtim və məsləhət görürəm ki, onlar bu şərti qəbul etsinlər.
Biz öz doğma torpaqlarımıza qayıdacağıq və bu gün işğal altında olan şəhərlərimizdə “ASAN xidmət” mərkəzləri yaradacağıq. Bu mərkəzlərdə bizim gənclərimiz çalışacaqlar. Erməni vandalları tərəfindən dağıdılmış şəhərlərimizi, tarixi, dini abidələrimizi bərpa edəcəyik və öz torpağımızda yaşayacağıq. Başqa ölkələrin torpağında bizim gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik”.
1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində vilayətin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat başlayıb. 1991-ci ildə Dağlıq Qarabağ erməniləri bölgəni “müstəqil dövlət” elan edib. Bunun ardınca başlayan işğalçı müharibədə Ermənistan Azərbaycanın bütün cənub-qərb bölgəsini (Dağlıq Qarabağ vilayətini və Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarını) ələ keçirib.
1994-cü ilin mayından atəşkəs rejimi qüvvədədir. Sülh danışıqları ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. Qrupa həmsədrik edən Rusiya, Fransa və ABŞ Dağlıq Qarabağ ətrafında olan rayonların mərhələlərlə Azərbaycanın nəzarətinə qaytarılmasını və gələcəkdə Dağlıq Qarabağın yekun statusunun referendumla müəyyənləşməsini təklif edir.