Müdafiə Nazirliyinin 30 iyul məlumatına görə, Azərbaycan-Türkiyə döyüş atışlı taktiki təlimlərinin birinci mərhələsi keçirilir. Plana uyğun olaraq mövcud vəziyyətin qiymətləndirildiyi, döyüş tapşırıqlarının dəqiqləşdirildiyi, real şəraitdə ərazinin kəşfinin aparıldığı bildirilir. Qeyd olunur ki, müvafiq məruzələr dinlənildikdən sonra təlimə cəlb edilən qoşunların tətbiqi üzrə tapşırıqlar ərazidə aydınlaşdırılır.
Azərbaycanla Türkiyənin Quru Qoşunları və Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçirilən təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib.
İyulun 29-dan başlayan təlimlər hərbi aviasiya vasitələrinin iştirakı ilə avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində, avqustun 1-dən 5-dək Quru Qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda keçiriləcək.