Sahibkarlar və hökumətlər plastik qab istehsalının azalmasına səy göstərməsə, okeanlara axan plastik tullantıların miqdarı 20 ildə üç dəfəyədək arta bilər. Novator.az-ın məlumatına görə, bu hesablamanı amerikalı alimlər və sənaye mütəxəssisləri aparıblar. Araşdırmanın nəticəsi haqda ABŞ-ın “Elm” (“Science”) jurnalında “Plastik dalğanın qırılması” adında məqalə dərc olunub.
Məqalədə qeyd olunur ki, heç bir tədbir görülməsə, hər il okeanlara axan plastik kütlənin həcmi 2040-cı ilədək 11 milyon tondan 29 milyon tona çata bilər: “Plastik çirklənmə elə bir problemdir ki, heç kəsdən yan ötmür. Bu, sənin, mənim, yaxud bir ölkənin problemi deyil, hamının problemidir. Heç nə etməsək pis olacaq”.
Yazıda plastik istehsal sənayesinə qoyulan yüz milyardlarla dollarlıq sərmayənin alternativ materiallara yönəldilməsi təklif olunur. Müəlliflər həmçinin inkişaf etməkdə olan ölkələrə təkrar emal və tullantıların toplaması mərkəzlərinin fəaliyyətini genişləndirməklə bağlı çağırış ediblər.
Məqalədə tövsiyə olunur ki, hökumətlər plastik istehsalını azaltmağa vadar edən qanunlar tətbiq etsinlər və yararlı alternativ vasitələrə maliyyə dəstəyi versinlər.
Yazıda ABŞ hökumətinin birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik məhsullara qoyduğu qadağa örnək kimi göstərilir. Bildirilir ki, plastiklərin ən böyük alıcıları iri şirkətlərdir. ABŞ-da belə şirkətlər gələcəkdə təkrar emaldan daha çox yararlanmaqla bağlı öhdəlik götürməli olublar.
Alimlər hesab edirlər ki, plastik əvəzinə təbii şəraitdə məhv olan kağız və digər materiallardan istifadə etməklə okeanlara axıdılan plastik tullantıların həcmini 80% azaltmaq olar. Amma bundan ötrü məhsulların qablaşdırılması prosesi də yenidən qurulmalıdır.
İlkin Nizami