Novator.az 2020-ci ildə cinayət məsuliyyətinə cəlb olunan AXCP üzvlərinin siyahısına nəzər salıb.
Martın 24-ü Zamin Salayevə qəsdən sağlamlığa yüngül zərər vurma ittiham ilə cinayət işi açılıb. Aprelin 20-də Zamin Salayev başqa bir iş üzrə məhkum olunub, böhtan və təhqirdə təqsirli bilinərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
13 aprel 2020-ci ildə jurnalist Təzəxan Mirələmliyə xuliqanlıq ittihamı ilə cinayət işi qaldırılıb. İyunun 19-da ona 1 il azadlığın məhdudlaşdırılması cəzası kəsilib.
Niyaməddin Əhmədov aprelin 16-sı tutularaq 30 sutka inzibati həbsdə yatıb. Mayın 15-də ona terrorçuluğu maliyyələşdirmə ittihamı verilib, barəsində həbs qətimkan tədbiri seçilib.
Mayın 16-da tutulan, iyulun 20-də ev dustaqlığına buraxılan Səid Məmmədzadə silahdan istifadə etməklə xuliqanlıqda ittiham olunur.
İyulun 14-ü axşamdan iyulun 15-nə keçən gecəyədək Bakıda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Bir qrup şəxs Milli Məclisin binasına girəndən sonra polis aksiyanı dağıdıb, toqquşma yaranıb.
Baş Prokurorluqla Daxili İşlər Nazirliyinin iyulun 15-də yaydığı birgə məlumatda qeyd olunub ki, 7 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 xidməti avtomobil aşırılaraq yararsız hala salınıb, daha 14 xidməti avtomobilə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulub.
Milli Məclisin birinci mərtəbəsində bir sıra dağıntılar törədildiyi, mülkiyyətə və inventara ziyan dəydiyi də bəyan olunub.
Baş Prokurorluğun İstintaq İdarəsinin təqdimatı ilə barələrində həbs qətimkan tədbiri seçilən AXCP üzvləri Asif Yusifli, Seymur Əhmədov, Bəxtiyar İmanov, Ramid Nağıyev, İsmayıl Həsənov, Ayaz Məhərrəmli, Baba Süleyman, Ceyhun Novruzov, Məhəbbət Nağıyev, Telman Seyfullayev, Fuad Qəhrəmanlı, Məmməd İbrahim zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə; ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə; hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunurlar.
AXCP fəalı Elvin Məmmədov da həmin ittihamlarla cinayət məsuliyyətinə alınaraq polisin nəzarətinə verilib.
Fuad Qəhrəmanlıya və Məmməd İbrahimə həmçinin hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər ittihamı irəli sürülüb.
Prokurorluqda Fuad Qəhrəmanlı ilə bağlı başqa cinayət işi də var. 2019-cu il oktyabrın 16-da Baş Prokurorluq Fuad Qəhrəmanlıya ailə münaqişəsi zəminində döymək və iztirab vermə ittihamları ilə cinayət işi açıb. İşin istintaqı Abşeron Rayon Prokurorluğuna həvalə edilib.
İyulun 14-15-i Bakıda keçirilən aksiyaya qatılan cəbhəçi Məhəmməd İmanlı və Məmməd İbrahimin oğlu Mehdi İbrahimov da tutulublar. Onlara epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması (xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) ittihamı verilib.
Mehdi İbrahimov AXCP üzvü deyil.
Əvvəlki illərdə həbs edilən cəbhəçilər də var. Onlardan biri hələ məhkum edilməyib. 2019-cu il oktyabrın 15-də tutulan Paşa Umudov satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə saxlamada təqsirli bilinir.
Fuad Əhmədli 2016-cı il avqustun 18-dən həbsdədir. Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinib. Ona 4 il azadlıqdan məhrumetmə cəzası kəsilib.
Jurnalist Elçin İsmayıllı 2017-ci il fevralın 17-dən həbsdədir. Hədə-qorxu ilə tələb etmədə təqsirli bilinib. Ona 7 il azadlıqdan məhrumetmə cəzası kəsilib.
Jurnalist Ziya Əsədli 2017-ci il sentyabrın 5-də həbs olunub. Silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıqda təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası alıb.
Orxan Baxışlı 2018-ci il mayın 7-dən həbsdədir. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə saxlamada təqsirli bilinib. Cəzasının müddəti 3 ildir.
Aqil Məhərrəmov və Babək Həsənov 2018-ci il mayın 25-də tutulublar. Xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqda və mütəşəkkil dəstənin cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərinin leqallaşdırılmasında təqsirli bilinən cəbhəçilərə 4 il və 3 il həbs cəzaları kəsilib. İttihama görə, 1992-1993-cü illərdə – Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti vaxtı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış Saleh Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib, Aqil Məhərrəmov və Babək Həsənov bu işdə ona yardımçı olublar.
2018-ci il mayın 8-də tutulan Saleh Rüstəmova 7 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Saleh Rüstəmov AXCP üzvü deyil. Bu iş üzrə onun qardaşı oğlu Vidadi Rüstəmli ilə AXCP üzvü Ruslan Nəsirov şərti cəzalara məhkum ediliblər.
1989-cu il iyulun 16-da yaradılan Azərbaycan Xalq Cəbhəsi 1992-1993-cü illərdə hakimiyyətdə olub. 1995-ci ildə AXC partiyaya çevrilib. 2000-ci ildən həmin siyasi təşkilata – Azərbaycan Xalq Cəbhəsi Partiyasına Əli Kərimli liderlik edir.
Aksiya ilə bağlı cinayət işi açılıb
Cəbhəçilər tutulub. Əli Kərimlidən etiraz
Cəbhə: buraxılan və tutulanlar var
Aksiya məhbuslarının sayı artdı
Cəbhəçinin oğluna koronavirus işi açılıb
Cinayət işləri, inzibati cəzalar, naməlumlar
Telman Seyfullayevə cinayət işi, 3 aylıq həbs
Telman Seyfullayevin yoldaşı ağır xəstədir
Fuad Qəhrəmanlı da həbs edildi
Məmməd İbrahim və daha iki cəbhəçi tutulub