Azərbaycan Xalq Cəbhəsi Partiyası ətrafında beş ilə yaxın çəkən hüquq davası təşkilatın adına iddia edən qrupun geri çəkilməsi ilə başa çatıb.
Novator.az bildirir ki, 2015-ci il sentyabrın 27-si Bakıda AXCP-nin VI (IX) qurultayı keçirilib, 2000-ci ildən partiyaya rəhbərlik edən Əli Kərimli yenidən sədr seçilib. Ancaq Ədliyyə Nazirliyi 27 sentyabr 2015-ci il qurultayının nəticələrini qeydə almayıb. Çünki nazirliyə AXCP adına iddia edən qrup da üz tutub. Həmin qrup 2015-ci il oktyabrın 18-si Bakıda etimad qurultayı keçirib Razi Nurullayevi AXCP sədri seçdiyini iddia edib. Ancaq bu qrup AXCP kimi tanınmayıb.
1989-cu ildə yaradılmış Azərbaycan Xalq Cəbhəsi 1995-ci ildə partiyaya çevrilib. 2000 və 2002-ci illərdə AXCP-də iki parçalanma olub, qurumun adına iddia eləyən təşkilatlar (indiki Klassik Xalq Cəbhəsi və Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyaları) meydana çıxıb. 2003-cü il yanvarın 13-də Ədliyyə Nazirliyi indiki BAXCP-ni AXCP kimi tanıyıb. Ancaq həmin il yanvarın 22-də prezident Heydər Əliyev nazirliyin qərarını ləğv edib.
Razi Nurullayev 2009-2015-ci illərdə AXCP sədrinin müavini olub. O, 2020-ci il fevralın 9-da keçirilmiş parlament seçkisində 79 saylı İmişli dairəsindən Milli Məclisə mandat alıb.
Azadliq.org-un məlumatına görə, Razi Nurullayevin təşkilatı 2020-ci il iyulun 27-də onlayn formatda qurultay keçirib və Milli Cəbhə Partiyası adını götürüb.
Azərbaycanda siyasi partiyaların dövlət qeydiyyatına alınması üçün azı 1000 vətəndaş onun üzvü olmalıdır.
İndiyədək 59 partiya dövlət qeydiyyatına alınıb.
Razi Nurullayev 1971-ci il aprelin 1-i İmişli rayonunun Xəlfəli kəndində doğulub. Azərbaycan Dillər Universitetinin ingilis-fransız dilləri pedaqoji fakültəsini və Cənubi Rusiya Humanitar İnstitutunun hüquq fakültəsini bitirib.